Tarix: 03.08.2024 / 09:12

Qazaxlar azərbaycanlıları çox sevir - Azərbaycanlı müğənni

“Diasporla müsahibə” verilişinin növbəti qonağı Qazaxıstanda yaşayan azərbaycanlı müğənni, Respublika Cəmiyyətinin üzvü İmran Əmrahov olub.

İ.Əmrahov müsahibədə Qazaxıstanda yaşayan soydaşlarımızın fəallığından, Azərbaycanın milli-mənəvi dəyərlərinin yaşadılması prosesindən söz açıb.

Onun sözlərinə görə, 1990-cı ildən etibarən Qazaxıstanda yaşayır və 1993-cü ildən diaspor işində yaxından iştirak edir:

“Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra diaspor işi çox gücləndi. Qazaxıstanda yaşayan soydaşlarımız fəal formada vətənimizi tanıtdılar. Hətta Qazax xalqına inteqrasiya etməyi də bacarıblar”.

Müsahibimiz bildirib ki, qazax xalqı ilə azərbaycanlılar arasında oxşarlıqlar çoxdur:

“Qazaxlar bizi çox sevir, səbəbi də odur ki, yeməklərdən başqa, adət-ənənələrimizdə oxşarlıqlar çoxdur. Bir müğənni kimi el məclislərində, cəmiyyət arasında Azərbaycanın tanıdılması üçün əlimdən gələni edirəm. 35 ildir buradayıq və bu illər ərzində özümüzü tanıda bilmişik. Hətta müharibədən sonra bizi daha yaxşı tanıdılar. Biz də öz növbəmizdə Azərbaycan mədəniyyətini, incəsənətini yaşadırıq. İcazə vermərik ki, muğamlarımız, xalq mahnılarımız unudulsun”.

İ.Əmrahov üzvü olduğu Respublika Cəmiyyətinin fəallığından da bəhs edib:

“Qazaxıstanda olan icmalarla münasibətlər qaydasındadır. Bacardığımız qədər vətənimizi tanıdırıq. Düzdür, heç bir dəstək almırıq, əsas odur vətənimiz var olsun, xalqımız arasında sülh-əminamanlıq yaşasın. Bu bizə kifayət edir. Azərbaycanı yaşatmaq bizim borcumuzdur”.

Şərhlər

Yaz...