Tarix: 08.06.2024 / 12:39
Qazaxıstanda fəaliyyətimizə maneçilik yoxdur  – Hatəm Rəcəbsoy

Qazaxıstanda fəaliyyətimizə maneçilik yoxdur – Hatəm Rəcəbsoy

“Diasporumuz yarandığı ilk gündən Azərbaycan həqiqətlərinin tanıdılması ilə bağlı əlimdən gələni etməyə çalışıram”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında “Heydər Xeyriyyə Evi”nin yaradıcısı Hatəm Rəcəbsoy deyib.

H.Rəcəbsoy qeyd edib ki, 2016- cı ildə Almatı şəhərində “Heydər Xeyriyyə Evi”ni yaradıb:

“Həmin evdə burada yaşayan azərbaycanlıların xeyriyyə işlərini keçirməsi üçün əlimizdən gələn qədər kömək göstəririk. Bundan başqa, yaxın zamanlarda xeyriyyə evində Azərbaycan dilində dərslər də tədris olunacaq. Eyni zamanda, maddi cəhətdən imkanı zəif olan bir neçə ailə heç bir təmənna ödəmədən xeyriyyə evində yaşayır”.

H.Rəcəbsoy əlavə edib ki, Qazaxıstan dövləti fəaliyyətlərinə hər hansı bir maneəçilik törətmir:

“Qarabağda qazanılan zəfərdən sonra diaspor fəaliyyətində də dirçəliş hiss olunur.1996-cı ildə Ulu öndər Heydər Əliyev Qazaxıstana səfəri zamanı bildirmişdi ki, harada olmağınızdan asılı olmayaraq millətinizi, vətəninizi və dilinizi heç zaman itirməyin. Biz də bu sözləri heç zaman unutmuruq”.

Həsən Hüseynov
Diaspora.TV


Şərhlər

Yaz...