Tarix: 29.07.2024 / 08:27
Dünya azərbaycanlıları Qarabağın inkişafına necə töhfə  verə bilərlər?

Dünya azərbaycanlıları Qarabağın inkişafına necə töhfə verə bilərlər?

“Xarici ölkələrdə yaşayan azərbaycanlılar Qarabağın inkişafına töhfə verməlidirlər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq İlyas Hüseynov xaricdə yaşayan Qarabağ əsilli azərbaycanlıların vətənə qayıdışından danışarkən deyib. Onun sözlərinə görə, Qarabağın azad olunmasından sonra bu bölgəyə sərmayələrin yatırılması, ərazinin minalardan təmizlənməsi və öz dədə-baba torpaqlarına keçmiş məcburi köçkünlərin qayıtması əsas prioritetlərdəndir:

“Burada böyük dağıntıların olmasını nəzərə alaraq külli miqdarda investisiyaya ehtiyac var. Post-müharibə reallıqlarında biz görürük ki, həm bölgənin tank və piyada əlehinə minalardan təmizlənməsində mülki və inzibati infrastrukturun qurulmasında vacib əhəmiyyətli obyektlərin tikilməsində bütün ağır yük dövlətin üzərinə düşüb. Bizə bu istiqamətdə yardımlar edən dövlətlərin sayı barmaqla sayılacaq qədərdir”.

İlyas Hüseynov qeyd edib ki, bu səbəbdən Azərbaycan öz gücünə Qarabağı və Şərqi Zəngəzuru bərpa etməliyik:

“Artıq 4 ildir Qarabağ öz ərazisinə qovuşub. Ötən il lokal xarakterli anti-terror tədbirləri ilə Azərbaycan tam suverenliyini təmin etdi. Burada Qarabağın yenidən qurulmasında xaricdə yaşayan azərbaycanlılar da rol oynaya bilər. Müharibə zamanı xaricdə yaşayan azərbaycanlıların maddi-mənəvi dəstəyi mühim əhəmiyyət kəsb etmişdir. İnformasiya müharibəsində xaricdə yaşayan azərbaycanlılar bizim haqq səsimizin dünyaya çatdırılmasında əvəzsiz xidmətlər göstərib. Bu gün isə maddi cəhətdən Qarabağın yenidən qurulmasına töhfə vermək zamanıdır”.

Politoloqun fikirincə, çəkilən xərcin Azərbaycanın çoxşaxəli inkişafına dəstək olacağına böyük ümidlər var:

“Bölgə yaşıl enerji zonası elan edilib. Orada böyük layihələr həyata keçirmək olar. İşğaldan azad olunan ərazilərdə müxtəlif tədbirlər keçirilir. Burada xidmət sahələrinin istifadəyə verilməsi də gəlir gətirə bilən sahədir. Qarabağda müxtəlif sahələr var ki, biznes üçün əlverişlidir. Sahibkarlığın formalaşması üçün münbit zəmin var və müxtəlif imtiyazlar dövlət tərəfindən təmin edilməkdədir".

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...