Tarix: 03.06.2024 / 09:01
“Qarabağ - Vətənim mənim!”  - Məşhur brendin yeni kolleksiyası istehsal olunur

“Qarabağ - Vətənim mənim!” - Məşhur brendin yeni kolleksiyası istehsal olunur

“Qarabağ - Vətənim mənim!” adlı yeni bir kolleksiya yaratdım. Hazırda istehsal mərhələsindədir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı rəssam-dizayner, “Sevil Art” brendinin yaradıcısı Sevil Əhmədova deyib.

S.Əhmədova bildirib ki, Türkiyədə marketinq və biznesin idarə edilməsi üzrə magistratura təhsili alır.

Müsahibimizin sözlərinə görə, o öz yeni kolleksiyasını Qarabağa həsr edib:

“Mən bu kolleksiyanı Qarabağın dağları, bülbüllərin aramsız trilləri və sanki, xalça kimi səpələnmiş çiçəklərdən ilham alıb yaratmaq qərarına gəldim. Hər bir rəssam ətrafındakı dünyanı özünəməxsus şəkildə qavrayır və bunu öz əl işlərində əks edir. Mən də ipək yaylıqlar üzərində yaratdığım kompozisiyalar və əsərlər vasitəsilə dünyaya doğma torpağımın mədəniyyətindən və tarixindən bəhs etmək istədim”.


Rəssam-dizayner əlavə edib ki, Qarabağ kolleksiyasının mürəkkəbiliyinə baxmayaraq, tamamlanmış və bütövləşmiş bir hissi var:

“Yaylığın üzərində sanki Qarabağın tarixi kitab səhifələri kimi canlanır. Burada görkəmli tarixi şəxsiyyətlərin (Pənahəli Xan, Xurşud Banu Natavan) və möhtəşəm Azərbaycan memarlığının simvollarının (Gövhər Ağa məscidi, Şuşa qalası) və təbii ki, dünya şöhrətli Qarabağ atlarının təsvirləri var”.

Brend rəhbərinin fikrincə, Qarabağ xalçalarının elementləri kənarlarda yerləşərək həmahəngliyi qoruyur və fantastik şalın dizaynını tamamlayır:

“Qarabağ mənim doğma torpağımdır” şərfinin rəng həlli xüsusi tərifə layiqdir. Mən heç vaxt cəsarətli rənglərdən qaçmıram. Əksinə, rəng bolluğunu sevirəm. Buna görə də bütün “Sevil Art” dizaynları parlaqlığı və dolğun rəngləri ilə seçilir. Qarabağ mənzərəli təbiətə və çətin relyefi özündə daşıyır. Rəng çalarları vasitəsilə bu torpaq haqqında öz baxışımı və hislərimi çatdırmağa çalışmışam”.

“Sevil Art” brendi ölkəmizin milli ruhunu, mədəniyyətini və tarixini özündə əks etdirən, eləcə də təbliğ edən ipək şərf və aksessuar markasıdır. Brend 2020-ci ildə Azərbaycan mədəni irsinin zamanla itirilməməsi üçün mübarizədən ilhamlanaraq yaradılıb. Brendin məhsulları təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da öz müştərilərini tapır. Milli naxışlarımız və rənglərimiz olan yaylıqlar dünyanın hər yerində istənilən vaxt və istənilən tədbirdə nümayiş olunur”, - deyə S.Əhmədova qeyd edib.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...