Tarix: 14.08.2024 / 09:37

Qarabağ hadisəsi gözümüzü açdı

“Diasporla Gündəm"in növbəti qonağı Almaniyada yaşayan, əslən azərbaycanlı olan tanınmış türk yazıçısı və tərcüməçisi Orxan Aras olub.

O.Arasla söhbət zamanı çağdaş ortaq türk dünyası ədəbiyyatı, onun önəmi, beynəlxalq səviyyədə təbliği və Almaniyada türklər tərəfindən formalaşan "mühacirət ədəbiyyatı" kimi bir sıra məsələlər müzakirə edilib.

O.Aras Azərbaycan mədəniyyəti və tarixinin özünün ədəbi yaradıcılığına təsirindən danışıb:

"Bizim Şərqi Anadoluda Azərbaycan sevdası insanların könlündə uşaqlıq dövründən olub. O vaxtlar evdə "Bakı" radiosunu dinləyərdik. Biz sonralar Ankarada dərc edilən "Azərbaycan" jurnalında bu ölkənin tarixi və mədəniyyəti barədə məqalələr oxuyardıq. Bundan sonra araşdırmağa başladıq. Avropada Azərbaycan ədəbiyyatının tanıdılması xüsusilə diqqətimizi çəkdi. Hətta Nizami, Nəsimi, Füzuli kimi şairlərin də Avropada məşhur olduqlarını gördük. Gothe belə əsərində Nizamidən bəhs edib. Biz də bu yöndə fəaliyyət göstərməyə başladıq. Həqiqi diaspora da məhz budur. Bir millət öz mədəniyyətini, ədəbiyyatını, tarixini, rəngini başqa ölkələrə hansı dərəcədə təbliğ edə bilirsə, o qədər tanınır deməkdir. Erməni və yəhudi diasporu bu səbəbdən daha güclüdür. Məsələn, İkinci Qarabağ müharibəsi dönəmində Almaniyada kilsələrin birində bir erməni skripkaçı hər gün hüznlü bir musiqi ifa edərək, güya ölkəsindəki insanların başına gələn faciəni təsvir edirdi”.

O.Aras Almaniyada soydaşlarımızın qarşılaşdıqları problemlərdən də bəhs edib. Onun sözlərinə görə, Qarabağ hadisəsi bütün azərbaycanlıların gözlərini açdı:

"Bir tərəfdən torpaqlar itirildi, insanlar həlak oldu. Digər tərəfdən isə dünyadakı azərbaycanlılar üçün oyanışa səbəb oldu. Onların hər birinin könlü bir anda Azərbaycana yönəldi. Mən almanlar arasında Azərbaycanı sadəcə neft və Qarabağla deyil, həmçinin dəyərlərilə təbliğ etməyə başladım. Araşdırma apararkən əslində Almaniya- Azərbaycan münasibətlərinin 16-17-ci əsrlərə gedib çıxdığını gördüm. Memarlıq baxımından oxşarlıqlar var. O dönəmdə bir çox alman səyyah Azərbaycana gəlib. "Mirzə Şəfi"ni yazmağa başladım. Məlum olduğu kimi, Frederix Bodenştedt Tblisiyə gəlir və 1851-ci ildə onun yazılarını tərcümə edir”.

Müsahibimizin fikrincə, "Mühacirət ədəbiyyatı" alman ədəbiyyatına fərqli bir səs gətirdi:

"Bu, hazırda Almaniyada çox yüksək səviyyədə təmsil olunur".

O.Aras hazırda formalaşmaqda olan çağdaş ortaq türk dünyası ədəbiyyatı məsələsinə də toxunub:

“Üstünlükləri çoxdur. Məsələn, gənc bir yazarın şeiri yalnız Azərbaycanda deyil, İstanbulda da oxunacaq. Ədəbiyyat bütün dünyaya məxsusdur. Onu və dili sıxışdırmaq olmaz. Nurəddin Topçunun belə bir sözü var: "Gözəl bir cümləni yazın, torpağa basdırın, o yenə də üzə çıxacaq. Türk dili bizim ortaq dəyərimizdir. Ədəbiyyatımız yaxın tarixə qədər bir idi. Məsələn, Füzuli, Əlişir Nəvai, Şah İsmayıl Xətai və s. Cəlil Məmmədquluzadənin də xatirələrində qeyd olunur ki, o zamanlar "Molla Nəsrəddin" jurnalını bir yerdə çıxarmaq istəyi olub. Bundan sonra da bu nöqtəyə doğru gedəcəyik. Bütün dünya ingiliscə danışmağa başlayıb. Lakin ümumi türkcə o qədər möhtəşəm, musiqili bir dildir ki, ortaq dilimiz olacaq. O dönəmlər ziyalılarımız rus təsirindən qorxduqları üçün dedilər ki, dilimizə toxunmayın, amma toxunulmazsa, qapalı qalar. İlk lüğətimiz olan "Divanü lüğat-it- türk"də 8300-8600-ə yaxın kəlmə var. O zamanlar ingilislərdə isə bu rəqəm 3500 idi. İndi daha da zənginləşərək 1 milyonu ötüb".





Şərhlər

Yaz...