Tarix: 18.07.2024 / 11:38
Qaldırdığınız məsələ ciddi və aktualdır  - İlahiyyatçı-alim

Qaldırdığınız məsələ ciddi və aktualdır - İlahiyyatçı-alim

“Din və inanc məsələsi insanların mənəvi məsələsi olmaqla bərabər, olduqca həssas bir məsələdir. İnanclı vətəndaşların mənəvi-ruhani tələbatının ödənilməsi bu baxımdan olduqca mühümdür”.

Bu sözləri Diaspora.TV-yə ilahiyyatçı-alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu deyib. O bildirib ki, xaricdə yaşayan inanclı soydaşlarımızın dini-mənəvi ehtiyaclarının qarşılanması xüsusi önəm daşıyır:

“Bu həm onların mənəvi cəhətdən dəstəklənməsi, həm də dini bilikləri düzgün mənbədən öyrənmələri ilə bağlıdır. Belə ki, dini biliklərin naməlum dairələrdən, yaxud təsadüfi şəxslərdən öyrənmələri ciddi fəsadlara yol aça bilər. İnanclı insanların mənəvi ehtiyaclarından sui-istifadə edən qara qüvvələrin varlığı isə heç kəsə sir deyil. Əgər biz soydaşlarımızın kənar təsirlər altına düşməsini istəmiriksə, bu yöndə praktik addımlar atmalıyıq. Məsələn, dünyəvi dövlət olan Türkiyə Cümhuriyyətinin bu sahədə uğurlu təcrübəsindən faydalana bilərik. Yuxarıda qeyd etdiyimiz ehtiyacdan irəli gələrək, onilliklərdən bəri Türkiyənin xaricdəki səfirliklərində Din Xidmətləri Müşavirliyi fəaliyyət göstərir. Xaricdə yaşayan inanclı Türkiyə vətəndaşları bu müşavirliyin din sahəsində göstərdiyi xidmətlərdən bəhrələnir və öz dini-mənəvi ehtiyaclarının ödənilməsi üçün kənar dairələrə ehtiyac duymur”.

İlahiyyatçı-alim əlavə edib ki, Qafqaz Müsəlmanları İdarəsi bu sahədə müəyyən addımlar atıb, bir neçə ölkədə öz nümayəndəliyini yaradıb:

“Amma bildiyim qədər sonralar bu təşəbbüslər yarımçıq qalıb. Hesab edirəm ki, qaldırdığınız məsələ ciddi və aktualdır. Xaricdə, böyük şəhərlərdə yaşayan soydaşlarımızın dini-mənəvi ehtiyaclarının ödənilməsinə dəstək göstərmək üçün həmin şəhərlərdə dini nümayəndələrin təyin olunması həm mənəvi baxımdan, həm də dövlətçilik baxımından məqsədəuyğun olardı”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...