Tarix: 13.12.2024 / 09:15
"Qalatasaray"da oynayan azyaşlı azərbaycanlı    - Fotolar

"Qalatasaray"da oynayan azyaşlı azərbaycanlı - Fotolar

Hər bir futbolçunun yəqin ki, ən böyük xəyallarından biri də ölkə xaricində oynaması və legioner həyatı yaşamasıdır. 12 yaşlı Kənan Həsənov bu xəyalına hələ erkən yaşlarından qovuşmağı bacarıb.

Kənan Etimad oğlu Həsənov 07.05.2011-ci il tarixində Bakı şəhərində dünyaya gəlib. 3 yaşından etibarən, atasının istəyi ilə Bakıda "Canbala" Uşaq Futbol məktəbinə gedib. Futbolla ilk tanışlığı də məhz orada başlayıb, zamanla futbola alışıb və idmanın bu oyununu sevməyə başlayıb:

"Futbolu sevməyimdə ilk müəllimim olan Mənsur müəllimin əməyi çox böyük olub. Mənsur müəllim mənə futbolun təməl texnikaları ilə birlikdə futbol sevgisini də öyrətdi".

Kənan 2016-cı ilin yanvar ayında "Canbala" Futbol Məktəbindən ayrılaraq İsa Fərzəliyevin məşqlərinə qatılıb. O, 6 aylıq məşq prosesindən sonra "Qarabağ" Futbol Akademiyasının seçmələrində iştirak edib. Seçimlərdən uğurla keçən Kənan özündən iki yaş böyük uşaqlarla birlikdə "Qarabağ" Futbol Akademiyasının U-7 komandasına qəbul alıb. Burada Elbrus Rzayevdən həm komanda məşqlərində, həm də fərdi məşqlərdə futbolun sirlərini öyrənib:



"Elbrus müəllimlə fərdi məşqlərin videolarını çəkərək sosial şəbəkələrə yerləşdirirdik. Elə həmin videoları "Qalatasaray" Futbol Akademiyasının müəllimləri görərək məni "Qalatasaray" seçimlərinə dəvət etdilər".

O, 2017-ci ilin iyun ayında Türkiyənin Antalya şəhərində "Qalatasaray" Fubol Akademiyası seçimlərinə qatılır:



"Bir ay sonra seçimlərin nəticələri açıqlanan gün sevincimin həddi hüdudu yox idi və mən ən çox sevdiyim komandanın seçimlərini qazanmışdım. Sonrakı mərhələdə məni Floryaya, yəni "Qalatasaray"ın bazasına çağırmışdılar. Xəyalını qurduğum komandanın artıq evində idim. Buradakı növbəti seçimləri qazanaraq üçüncü və sonuncu mərhələyə keçdim. Sonuncu mərhələni də qazandım, ancaq mənim yaşıma uyğun akademiya komandası olmadığına görə gözləməli olduğumu söylədilər. Çünki "Qalatasaray" Futbol Akademiyasında ən aşağı yaş qrupu U-8 komandasından başlayırdı. Mənim isə 6 yaşım var idi. Bu arada bizi Türkiyənin "Altınordu" Akademiyası dəvət etdi və elə İstanbuldan birbaşa İzmirə getdik. Orada məni bir həftə yoxlanışdan keçirdilər. Yoxlanış sonrası məni bəyəndiklərini və "Altınordu" Akademiyasında özümdən bir yaş böyük qrupda futbol oynamağımı təklif etdilər. Ailəm hər zaman məni dəstəklədikləri kimi, bu dəfə də mənim arxamda durdular və biz İzmirə köçməyə qərar verdik. Bu, fərqli həyatın başlanğıcı idi".

Kənan "Altınordu" Akademiya ilə yanaşı orta məktəbin birinci sinfinə başlayır.

2018-ci ildə "Qalatasaray" Futbol Akademiyasında onun yaşına uyğun U-8 komandası yaradıldıqdan sonra yenidən komandaya dəvət edirlər. Beləliklə, o, 2018-ci ilin dekabr ayından etibarən "Qalatasaray" Futbol Akademiyasında təhsili almağa başlayır.

"Hazırda "Qalatasaray" U-14 komandasında oynayıram"

Atası Etimad Həsənovun sözlərinə görə, bu müddətdə Azərbaycandan onlarla heç kim maraqlanmayıb:



"Nə mənəvi, nə də ki, maddi olaraq heç kimin heç bir dəstəyi olmayıb".

Kənan deyir ki, futbolda bəyəndiyi futbolçu "Mançester Siti"də oynayan De Bruynedir. Gələcəklə bağlı arzusuna gəlincə, o "Qalatasaray" A komandası ilə yanaşı, Azərbaycan və Türkiyə milli komandalarından birində oynamaq istəyir.

Naibə
Diaspora.TV




Şərhlər

Yaz...