Tarix: 22.04.2024 / 13:00
Qafqaz hər zaman münaqişə mənbəyi olub -  ABŞ-da yaşayan azərbaycanlı professor

Qafqaz hər zaman münaqişə mənbəyi olub - ABŞ-da yaşayan azərbaycanlı professor

6 ölkədə təhsil almış, ABŞ-ın Şimali Karolina Universitetinin azərbaycanlı professoru Xankəndidə dərs demək istəyir. Professor Əli Əsgərov 2001-ci ildən Amerikada yaşayır, orada doktorantura pilləsini bitirib. Konfliktologiya üzrə mütəxəssis olan Əli Əsgərov "Vətən Uzaqda Deyil" verilişində Xankəndidə açılacaq Qarabağ Universitetində dərs demək arzusunun olduğunu bildirib.

Diaspora.TV Modern.az-a istinadən Əli Əsgərovla müsahibəni təqdim edir:

- Əli müəllim, əvvəlcə sizi tanıyaq: harada doğulmusunuz, hansı ali məktəbi bitirmisiniz?

- Qərbi Azərbaycanda dünyaya gəlmişəm. Bakalavr təhsilimi Ankarada, Orta Şərq Texniki Universitetində almışam.

- 6 ölkədə təhsil almısınız, ABŞ-da universitet professorusunuz. Xarici təhsil təcrübənizdən danışaq...

- Həm tələbə kimi, həm də təhsil işçisi kimi bir sıra ölkələrlə bağlı təcrübələrim var. Bir neçə ölkənin təhsil sistemi ilə tanış olduğumdan, onları müqayisə etmək üçün imkanım da var. Hər bir sistemin mütləq müəyyən qüsurları var. Hər bir ölkənin təhsil sistemində nələrisə tənqid etmək olar. Hər halda, mütləq mənada mükəmməl bir təhsil sistemi qurmaq mümkün deyil. Amma iddia etmək olar ki, güclü təhsil sistemi keyfiyyətli təlim, uyğun kurrikulum, yaxşı infrastruktur və resurslar tələb edir. İnfrastruktur və resursların rolu yaxşı təhsil üçün xüsusi əhəmiyyətə malikdir. Yaxşı təchiz olunmuş sinif otaqları, kitabxanalar, laboratoriyalar və texnologiya kimi infrastruktur və resurslar təhsil sisteminin effektivliyinə təsir edir. Keyfiyyətli təhsilin ən əsas elementləri akademik biliklərdən əlavə, tənqidi düşünmə, problem həll etmə, kommunikasiya, əməkdaşlıq və yaradıcılıq kimi əsas həyat bacarıqlarının inkişafını təmin etməklə bağlıdır. Bu bacarıqlar müasir dünyada uğur əldə etmək üçün vacibdir və tələbələrə müxtəlif çətinliklər və imkanları idarə etməyə kömək edir. Unudulmamalıdır ki, effektiv təhsil sistemi davamlı təkmilləşdirməyə, dəyişən ehtiyaclara və təhsildə yaranan tendensiyalara uyğunlaşmalıdır. Bunun üçün həm sistemdə islahat aparılmalı, həm də müəllimlərin innovasiya, tədqiqat və peşəkar inkişafa təşviqi təmin edilməlidir.

- Xarici ölkələrdə təhsil alan, dərs deyən alim kimi Azərbaycan təhsil sistemini necə qiymətləndirsiniz?

- Azərbaycan təhsil sisteminin islahatlara ehtiyacı olduğunu əminliklə deyə bilərəm. Yuxarıda bəzi məqamları ümumi şəkildə diqqətinizə çatdırdım. Hər halda Azərbaycan təhsil sistemində dəyişiklikləri bir ekspert komissiyası müəyyən etməlidir. Bütövlükdə, təhsil sisteminin fərdi inkişaf, sosial tərəqqi və cəmiyyətin ümumi rifahı üçün geniş təsirləri olduğunu unutmamaq lazımdır. Sadəcə, ali məktəblərə qəbul formasına nəzər saldığımızda belə, Azərbaycanda təhsil sisteminin nə qədər köhnəlmiş olduğunu görə bilirik.

- Azərbaycana dönməyi düşünürsünüzmü?

- Azərbaycanla bağlarımı heç vaxt qoparmamışam. İnsan harada yaşamasına bəzən tək özü qərar vermir, şərtlər onu özü ilə çəkib aparır. İnsan iradəsini yox saymıram, amma şərtlərin əhəmiyyətli olduğunu da bildirmək istəyirəm. Yəqin desəm yerinə düşər: mübarizə hardadırsa, mən də oradayam.

- Qarabağ Universitetində dərs demək istədiyinizi bildirmisiniz. Bu arzunuz haqqında danışmağınızı istərdik. Nəyə əsasən belə qərara gəldiniz?

- Doğrusu, mən şəxsi arzulardan çoxdan arınmışam. Qarabağ Universitetinin texniki imkanları əl versə, onlayn dərs keçə bilər, yaxud başqa bir şəkildə töhfə verə bilərəm. Regionun inkişafında və daimi sülhün inşasında bu universitetin rolu böyük ola bilər.

- Bu gün Cənubi Qafqazdakı vəziyyəti necə dəyərləndirirsiniz?

- Cənubi Qafqaz tarixin bütün mərhələlərində hərəkətli olub. Onun geosiyasi mövqeyi, etnik tərkibi, təbii sərvətləri və s. hər zaman potensial münaqişə mənbəyi olub. Cənubi Qafqaz dövlətləri nəhayət bir-birləri ilə olan problemlərinə qalıcı bir həll gətirməlidirlər. Buna nail olmaq onların hər biri üçün vacibdir.

- Beynəlxalq təhlükəsizlik sistemini necə qiymətləndirirsiniz? Azərbaycan üçün bu sistemin yeri nədən ibarətdir?

- Beynəlxalq təhlükəsizlik sisteminin ən əsas institutu Birləşmiş Millətlər Təşkilatıdır (BMT). BMT köhnə bir təşkilatdır, mövcud dinamik beynəlxalq münaqişələrin tələbatına cavab verə bilmir. Bu gün beynəlxalq dövlətlər sistemində realizm prinsipləri hakimdir. Realizmin ən əsas elementi gücdür. Ümumi paradiqmalar dəyişmədikcə, Azərbaycan güclü olmalıdır. Güclü təhsil sistemi də ümumi gücün bir parçasıdır.

- Qərbi Azərbaycanda doğulduğunuzu söylədiniz. İstərdik ki, Qərbi azərbaycanlıların öz yerlərinə qayıdışı ilə bağlı da danışaq.

- Bu, olduqca geniş bir mövzudur. Qərbi Azərbaycan mərhələ-mərhələ əlimizdən çıxıb. Hər mərhələnin özünəməxsus tarixi şəraiti olub. Bütün hallarda bu insanların öz müqəddəratlarını özlərinin həll etmə kimi bir imkanları olmayıb. Mübarizə aparıblar, hər halda çox şanlı mübarizə nümunələri var, amma müxtəlif səbəblərdən bu gün gördüyümüz durumla üzləşiblər. Qayıdış haqqının beynəlxalq hüquqda qüvvətli bir yeri var. Lakin bu, oradakı hökumətdən ciddi hazırlıq tələb edir. Bunun hüquq-mühafizə tərəfləri ilə birlikdə, sosial-iqtisadi və mədəni tərəfləri də var. Ümumən isə qayıdış könüllülük prinsipləri əsasında olmalıdır.

- Sizcə, bu məsələdə ABŞ Ermənistana təzyiq etməlidirmi?

- Məncə, bu məsələ ilə bağlı tarixi reallıqların bilinməsi təmin edilməlidir. Amma bu da asan bir iş deyil, çünki burada Azərbaycana qarşı olduqca acımasız bir ənənə formalaşıb. Onu dəyişmək isə heç də asan deyil. Bir də bu mübarizədə dəstək sözü verənlər çox olsa da, real olaraq ortada heç kim yoxdur. Ona görə də işlərimiz olduqca yavaş gedir.

Şərhlər

Yaz...