Tarix: 15.10.2024 / 12:40
Qafarova Simonyanla görüş təklifini niyə rədd edib?    - VİDEO

Qafarova Simonyanla görüş təklifini niyə rədd edib? - VİDEO

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş olmayıb. Ermənistan spikerinin mətbuat katibi Movses Arutyunyan sosial şəbəkələrdə bununla bağlı həqiqətə uyğun olmayan məlumat yayıb.

Diaspora.TV xəbər verir ki, REAL TV görüşün baş tutumamasının əsl səbəbini üzə çıxarıb. Məlumata görə, əslində, görüşün baş tutumayacağı xeyli əvvəldən bəlli olub. Belə ki, Parlamentlərarası İttifaqın rəhbərliyi görüş təşəbbüsü ilə çıxış edib və elə ilk andan Milli Məclisin sədri Sahibə Qafarova bu təklifə mənfi cavab verib. Bu isə səbəbsiz deyil.

Qeyd edək ki, indiyədək Sahibə Qafarova ilə Alen Simonyan arasında iki görüş keçirilib. Hər iki görüş Cenevrədə Parlamentlərarası İttifaqın vasitəçiliyi ilə baş tutub. Lakin bu ilin mayında keçirilən görüşdən sonra Ermənistan hakimiyyətinin, o cümlədən, spiker Alen Simonyanın ritorikasında Azərbaycana qarşı mənfiyə doğru dəyişikliklər müşahidə olunur. Bu səbəbdən də Sahibə Qafarova Alen Simonyanla görüşməyə, nəyisə müzakirə etməyə ehtiyac duymayıb.

Görüşlərdə məqsəd parlamentlərin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə verə biləcəyi töhfəni müzakirə etməkdir. Lakin Ermənistan parlamentinin sədrinin bəyanatları belə nəticəyə gəlməyə əsas verir ki, o və təmsil olunduğu hakimiyyət əslində sülh istəmir və yalnız imitasiya ilə məşğuldur. Milli Məclisin sədri isə bu oyunu ifşa etmək, Azərbaycan xalqı və dövləti haqqında qeyri-adekvat bəyanatlarla çıxış edən erməni spikerlə görüntü xatirinə görüşməmək qərarına gəlib və bu qərar ermənilərin iddia etdiyi kimi son anda yox, əvvəldən qəbul edilib. Milli Məclis xalqı, Sahibə Qafarova isə Parlamentlərarası İttifaqda Milli Məclisi təmsil edir. Belə olduqda Alen Simonyanın Azərbaycan xalqı və dövləti əleyhinə ayrı-ayrı ölkələrin dirijorluğu ilə həyata keçirilən xorda iştirakı əsas verir ki, Sahibə Qafarova onunla görüşdən imtina etsin. Yəni, hər şey məntiqə və milli maraqlara uyğunudur.

Şərhlər

Yaz...