Tarix: 02.05.2024 / 18:00
Pulsuzluqdan mətbuat orqanları bağlanır - Gürcüstanda yaşayan azərbaycanlı

Pulsuzluqdan mətbuat orqanları bağlanır- Gürcüstanda yaşayan azərbaycanlı

“Biz Gürcüstan azərbaycanlıları diaspora deyilik. Yaşadığımız ərazi bizim tarixi torpaqlarımızdır. Bu sözləri Ümummilli liderimiz Heydər Əliyev Gürcüstan prezidenti Eduard Şevardnadze ilə görüşündə söyləyib”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzi İdarə Heyətinin üzvü Fatma Əliyeva deyib. Onun sözlərinə görə, Azərbaycan bizim milli dövlətimiz, maddi -mənəvi dayağımızdır:

“Milli dövlətimizin problemi problemimiz, xoş günü sevincimizdir. Biz - etnik azərbaycanlıların əsas vəzifələrindən biri də mənsub olduğumuz millətin dilini, ədəbiyyatını, incəsənətini, adət-ənənəsini, milli - mənəvi dəyərlərini qoruyub saxlamaq, təbliğ etməkdir. Eləcə də Azərbaycan tarixində yaşanmış və bu gün də yaşanan hadisələrə diqqət yetirmək, Azərbaycan həqiqətlərini yaşadığımız ölkənin müxtəlif dilli, dinli vətəndaşlarına çatdırmaqdır”.

F.Əliyeva əlavə edib ki, Azərbaycan həqiqətlərinin tanıdılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib:

“20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar fəaliyyət göstərdiyim orta məktəbdə, Marneulidə yerləşən Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzində və Bolnisidəki Gürcüstan Azərbaycanlıları Hüquq və İnteqrasiya Mərkəzində şagirdlərin köməyi ilə anım tədbirləri keçirmişik. Həmin tədbirdə, Azərbaycanın Gürcüstandakı səfirliyi və Gürcüstan Azərbaycanlıları Konqresi də iştirak edib. Bundan başqa, Xocalı soyqırımı, Azərbaycanın Müstəqilliyi Günü və eləcə də Heydər Əliyevin 100 illiyi ilə bağlı müxtəlif tədbirlər baş tutub. Eyni zamanda Azərbaycan ədəbiyyatının görkəmli, ədəbi simalarının anım günü və yaradıcılıq gecələrini də unutmuruq. Hətta, Azərbaycanın dahi sənətkarları ilə bir əsrdə yaşamış gürcü şair və yazıçılarını da hörmətlə anırıq”.

F.Əliyeva bildirib ki, ağırlıq dərəcəsi müxtəlif olsa da, xalqlarımızın eyni taleyi yaşadığını gürcülərə anlatmağa çalışırıq:

“Gürcüstan vətəndaşı olan azərbaycanlı kimi Ana dilimiz və milli məktəblərimizlə bağlı kifayət qədər problemlərimiz var. Dil hər bir xalqın milli varlığıdır, dil varsa, millət də var. Dil yaşamırsa, mətbəxlərə sığınıb məişət dili səviyyəsinə enmək təhlükəsi yaşayırsa, o millət "yoxdur" deməkdir. Elm, təhsil məktəbdən başlanır. Təəssüf hissilə qeyd etmək lazımdır ki, Azərbaycan dilli məktəblərin sayı günü-gündən azalır. Azərbaycanlıların öz Ana dilində təhsil ala biləcəyi ali təhsil ocağı yoxdur. Belə olduğu halda, milli məktəblər üçün kadrlar hazırlanmır”.

F.Əliyeva sözlərinə görə, hazırda dilimiz məişət dili səviyyəsinə enmək təhlükəsi ilə üz-üzədir:

“Eyni zamanda məktəblərimizdə latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyat nümunələri yox dərəcəsindədir. Azərbaycan dilli məktəblərdə fəaliyyət göstərən müəllimlərin, xüsusilə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin haqqı tapdanır. Peşə ixtisası təhsilini artırmaq üçün şərait yaradılmır. Ədəbiyyat müəllimlərinin əksəriyyəti yaşlı nəslin nümayəndələridir. Ona görə də gürcü dilini öyrənə bilmirlər və dövlətin yaratdığı şəraitdən yararlana bilmirlər. Məncə, bu, bəhanədən başqa bir şey deyil”.

Soydaşımız əlavə edib ki, keçən il Gürcüstanda Azərbaycan dilli Məktəblərin Müəllimlərinin I Qurultayı keçirildi:

“Yaxşı haldır ki, Gürcüstanda yaşayan soydaşımız, ictimai fəal, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevanın liderliyi ilə müəllimlərlə tez-tez görüşlər keçirilir və görüşlərin nəticəsini məktub formasında Gürcüstanın Elm və Təhsil Nazirliyinə ünvanlayırıq. Eyni zamanda, Ana dilimizə marağın artırılması üçün başqa tələblərlə bərabər, attestat imtahanlarına Azərbaycan dili və ədəbiyyatı imtahanının salınmasını da tələb etdirik. Bununla bağlı müsbət nəticələr də əldə etmişik”.

F.Əliyeva vurğulayıb ki, parlament seçkiləri və Gürcüstan Parlamentinin qəbul etmək istədiyi “Rus qanunu” ilə bağlı burada siyasi böhran yaşanır:

“Hökumət evinin qarşısında həftələrdir davam edən mitinqlərə yəqin diqqət yetirirsiniz. Çünki Azərbaycan mediası bu mitinqi yetəri qədər işıqlandırır. Yeri gəlmişkən, qeyd edim ki, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli medianın maddi - mənəvi dəstəyə çox böyük ehtiyacı var. Vəsait çatışmazlığı ucbatından Azərbaycan dilli bir neçə mətbuat orqanı bağlanıb. Bəzi media qurumları isə fədakarlıq edir, öz şəxsi hesablarına fəaliyyətlərini davam etdirirlər. Onların Azərbaycan həqiqətlərinin gürcü ictimaiyyətinə çatdırılmasında əməyi danılmazdır. Həmin media orqanları gürcü dilli mətbuat orqanlarından da səmərəli şəkildə istifadə edirlər".

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...