Tarix: 15.06.2024 / 11:54
Prezident:  Türk dünyasında birliyin daha da möhkəmlənməsinə...

Prezident: Türk dünyasında birliyin daha da möhkəmlənməsinə...

Türk Dövlətləri Təşkilatında bir araya gələn ölkələrin siyasi partiyalarının qarşılıqlı faydalı əməkdaşlığı da müştərək məqsədlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayır.

Diaspora.TV AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.

"Əminəm ki, Azərbaycan xalqı üçün əlamətdar olan mühüm tarixdə – Milli Qurtuluş Günündə və Şuşa Bəyannaməsinin imzalanmasının növbəti ildönümündə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “İslam dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərində keçirilən, bu səbəbdən xüsusi rəmzi mənaya və mənəvi-siyasi önəmə malik bu tədbirin ölkələrimiz arasında çoxşaxəli münasibətlərin inkişafına, Türk dünyasında birliyin daha da möhkəmlənməsinə, yeni hədəflərin reallaşmasına dəyərli töhfələr verəcəkdir", - deyə dövlətimizin başçısı müraciətdə vurğulayıb.

Prezident qeyd edib ki, Beynəlxalq hüquq normalarının kobudcasına pozulduğu və ikili standartlara əsaslanan selektiv yanaşmaların baş qaldırdığı belə bir şəraitdə milli maraqların qorunmasına hədəflənmiş və mövcud çağırışlara cavab verən siyasətin həyata keçirilməsi müstəqil dövlətlərin qarşısında duran başlıca vəzifələrdəndir:

"Son zamanlarda yeni strateji hədəflərə doğru inamla irəliləyərək dünya siyasətində yüksələn güc mərkəzinə çevrilən, beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artmaqda olan Türk Dövlətləri Təşkilatında birləşən ölkələr də analoji çağırışlarla üzləşirlər. Yeni ittifaq modeli kimi dünyanın diqqət mərkəzində olan bu təşkilatda təmsil olunan ölkələrin sıx həmrəylik şəraitində dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri həm milli və regional səviyyədə, həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir".

Şərhlər

Yaz...