Tarix: 07.11.2024 / 14:41
Fuad Muradov Praqada   Azərbaycan Evi açdı

Fuad Muradov Praqada Azərbaycan Evi açdı

Çex Respublikasının paytaxtı Praqa şəhərində Azərbaycan Evinin açılışı olub. Mərasimdə bu ölkədə yaşayan soydaşlarımızla yanaşı, yerli ictimaiyyətin nümayəndələri, diplomatik korpusların təmsilçiləri iştirak edib.

Diaspora.TV xəbər verir ki, mərasim Azərbaycanın və Çexiyanın Dövlət himnlərinin səsləndirilməsi, şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru, “Natəvan” Cəmiyyətinin sədri və Azərbaycan Evinin rəhbəri Leyla Begim Cəfərova cəmiyyətin, həmçinin Çexiyadakı Azərbaycan icmasının fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

Diasporla İş üzrə Dövlət Komitəsini sədri Fuad Muradov bildirib ki, bu günə qədər dünyanın 17 ölkəsində Azərbaycan Evi açılıb:

"Bu evlərin açılması Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza qayğısının ən bariz nümunəsidir. İnanıram ki, burada yaşayan azərbaycanlılar Praqadakı Azərbaycan Evinin xətti ilə daha böyük uğurlara imza atacaqlar”.

Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov Azərbaycan Evinin açılmasını əlamətdar hadisə kimi qiymətləndirib və burada yaşayan azərbaycanlıların ölkəmizi tanıtmaq üçün böyük potensiallarının olduğunu diqqətə çatdırıb.

Azərbaycan Evində həftəsonu məktəbi də fəaliyyət göstərir.

Qeyd edək ki, məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi yayıb.

Şərhlər

Yaz...