“Rusiyanın Poltavaya zərbə endirməsi ilə bağlı ilkin hesabatları aldım. Hazırda mövcud olan məlumata görə, iki ballistik raket buraxılmışdır”.
Diaspora.TV xəbər verir ki, bu barədə xalqa video-müraciətində Ukrayna prezidenti Volodimir Zelenski deyib.
V.Zelenski bildirib ki, raketlər təhsil müəssisəsi və yaxınlıqdakı xəstəxananın ərazisinə düşüb:
“Rabitə İnstitutunun binalarından biri qismən dağılıb. İnsanlar dağıntılar altında qalıblar. Əlbəttə, çoxları xilas edilib, lakin 180-dən çox insan yaralanıb. Təəssüf ki, həlak olanların sayı çoxdur. Hazırda 41 nəfərin öldüyü məlumdur. Həlak olanların yaxınlarına və doğmalarına başsağlığı verirəm”.
V.Zelenski baş verən hadisənin tam və operativ araşdırılması barədə tapşırıq verdiyini bildirib:
“Xilasetmə əməliyyatlarına bütün lazımi xidmətlər cəlb olunub. Zərbədən sonra ilk dəqiqələrdən insanları xilas edən və kömək edən hər kəsə minnətdaram”.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporundan Diaspora.TV-yə bildirilib ki, ilkin məlumata görə ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur:
“Hazırda UABD-nin Poltava təşkilatı araşdırmaları davam etdirir”.