Tarix: 24.09.2024 / 17:46
Diqqət:   Polşada bu azərbaycanlıları polis saxlayır

Diqqət: Polşada bu azərbaycanlıları polis saxlayır

Bu gün səhər saatlarında polis Polşanın Krakov şəhərində təhsil alan azərbaycanlı tələbəni evində saxlayaraq prokurorluğa aparıb.

Bu barədə məlumatı Diaspora.TV- Polşa Azərbaycanlıları Şurasından veriblər.

Soydaşımızın sorğu-sualı zamanı məlum olub ki, o, 2 il əvvəl (2022-ci il) müvəqqəti yaşayış icazəsinə müraciət edən zaman bank hesabında lazım olan məbləğə dair arayış təqdim etmək üçün bir nəfər müəyyən ödəniş qarşılığında həmin məbləği (30-50 min PLN) ona sənəd üzərindən təmin edib. Bu məsələnin üstündən 2 il keçməsinə baxmayaraq, bu gün həmin tələbə soydaşımıza dövlət qurumunu aldatmaq səbəbi ilə 8000 PLN cərimə tətbiq edilib. Eyni zamanda 1 il ərzində Polşanı tərk etməsinə qadağa qoyulub.

Azərbaycanlı tələbə bildirib ki, ona bankda həmin məbləği sənəd üzərindən təmin edən şəxs Qazaxıstan vətəndaşı olub. Təəssüf ki, 2022-ci ildə bir çox azərbaycanlı da o şəxs vasitəsilə bu sənəd işini həll edib.

Sorğu-sual zamanı azərbaycanlı tələbəyə 200 nəfərə yaxın şəxsin şəkili göstərilib, onların da böyük əksəriyyəti azərbaycanlı, qazax, özbək və digər MDB ölkələrinin vətəndaşları olub.

Artıq son hadisələrdən görünür ki, dövlət tərəfindən bu kimi halların araşdırılmasına xüsusi diqqət yetirilir. Gələcəkdə bu kimi məsələlərlə qarşılaşacaq azərbaycanlılardan hadisəni olduğu kimi danışması xahiş olunur. Çünki, bu problem yerində həll edilmədən məhkəməyə gedərsə minimum cərimə 15000 PLN-dən başlayacaq. Hətta həmin tələbə üçün fiziki həbs tədbirləri də görülə bilər.

Qarşıdakı günlərdə bu və digər hüquqi məsələlərlə bağlı Polşa Azərbaycanlıları Şurası tərəfindən Varşava Azərbaycan Evində təlim təşkil ediləcək.


Şərhlər

Yaz...