Tarix: 27.07.2024 / 13:27
Planetin 100 ən maraqlı yerləri siyahısında  Azərbaycan da var

Planetin 100 ən maraqlı yerləri siyahısında Azərbaycan da var

Amerikanın “Time” jurnalının hər il tərtib etdiyi Yer planetinin 100 ən maraqlı görməli yerləri siyahısına Azərbaycanın Quba rayonundakı Qırmızı Qəsəbə Dağ Yəhudiləri Muzeyini də daxil edib.

Diaspora.TV xəbər verir ki, qəzet yazır:

- Böyük Qafqazın Azərbaycan ətəklərində, Bakıdan təxminən iki saat yarım şimal-qərbdə, əsasən müsəlmanlar olan bir ölkədə Şərqi Avropa qəsəbələrinə bənzəyən qədim yəhudi yaşayış məntəqəsi olan Qırmızı Qəsəbə yerləşir. 290 illik yubileyini qeyd edən, qırmızı kirəmitli damları ilə seçilən bu qəsəbədə dünyada yeganə Dağ Yəhudiləri Muzeyi fəaliyyət göstərir. Yeni muzey 20-ci əsrin əvvəllərində tikilmiş, sovet dövründə anbara çevrilmiş “Karçoqi” sinaqoqunun binasında yerləşir.

Ziyarətçilər dağ yəhudi icmasının tarixi haqqında orijinal sənədlər, toxunma ekranlı xəritələr, musiqi, incəsənət və sənətkarlıq vasitəsilə məlumat əldə edirlər.

Bildirilir ki, muzey dünyanın ən böyük dağ yəhudisi ədəbiyyatı kitabxanasını toplamağa çalışır. Qırmızı Qəsəbənin qonaqları muzeyin təşkil etdiyi ekskursiyalar çərçivəsində mövcud Altı Günbəz və Gilyak sinaqoqlarını, mikvehləri və qəbiristanlıqları da ziyarət edə bilərlər. Əvvəlcədən xahişə əsasən, muzey dağ yəhudi mətbəxindən ibarət yemək də təşkil edə bilər.

Keçən ildən muzeyə gələnlərin sayı iki dəfə artıb, Pakistan, İndoneziya, Argentina və Braziliyadan olan qruplar ziyarət edir. Muzey direktoru İqor Şaulov “Krasnaya Sloboda”nın dörd fəaliyyətsiz sinaqoqunu nəhayət dağ yəhudilərinin heyrətamiz irsini qeyd etmək üçün nəzərdə tutulmuş sənət qalereyalarına və digər mədəni məkanlara çevirməyə ümid edir.

Qeyd edək ki, bu barədə məlumatı AzərTac yayıb.


Şərhlər

Yaz...