Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılova həsr olunmuş “O, Xarqo idi” adlı sənədli filmi nümayiş etdirilib. Sənədli filmin nümayişi Azərbaycan səfirliyinin təşkilatçılığı ilə reallaşıb.
Diaspora.TV AZƏRTAC-a istinadla xəbər verir ki, Mədəniyyət Nazirliyinin “Salnamə” film kinostudiyasının istehsal etdiyi sənədli filmin təqdimatında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Fransanın Azərbaycandakı keçmiş səfirləri Jan Perrən və Şantal Puare, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev, “O, Xarqo idi” sənədli filminin ssenarist və rejissoru Tahir Tahiroviç və Əhmədiyyə Cəbrayılovun nəvəsi Müşfiq Cəbrayılov, fransız siyasətçiləri və incəsənət xadimləri, azərbaycanlı diplomatlar, eləcə də yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək, ölkəmizin İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə verdiyi çoxsaylı mühüm hərbi, iqtisadi və strateji töhfələrdən danışıb. Faşizmlə mübarizədə sovet ordusunun yanacaq ehtiyacının 90 faizinin məhz Azərbaycanın qarşıladığını vurğulayıb. Səfir qeyd edib ki, həmin dövrdə 3 milyon əhalisi olan Azərbaycandan 600 min əsgər 1941-1945-ci illərdə nasistlərə qarşı müharibəyə yollanıb və onların bəziləri müxtəlif Avropa ölkələrinin azadlığı uğrunda partizan hərəkatlarına qoşulublar. 130-dan çox azərbaycanlı İkinci Dünya müharibəsində qəhrəman adına layiq görülüb, 170 mindən çox əsgərimiz müxtəlif orden və medallarla təltif olunub. Müharibədə kişilərlə yanaşı, azərbaycanlı qadınlar da şücaət göstəriblər.
Səfir L.Abdullayeva Əhmədiyyə Cəbrayılovun Fransanın azadlığı uğrunda mübarizəsindən, Müqavimət Hərəkatında fəaliyyətindən, bu ölkənin Tarn və Qaron departamentində Kabertat partizanlarına qoşulmasından, müxtəlif əməliyyatlarda qəhrəmanlığından danışıb.
Səfir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaqlarımızı azad etməsindən, igid oğullarımızın qəhrəmanlığından danışıb, Azərbaycanın sülhün, ədalətin bərqərar olmasında maraqlı olduğunu vurğulayıb.
Bir çox Avropa ölkəsində azərbaycanlı əsgərlərin partizan hərəkatlarında göstərdikləri qəhrəmanlıqlar xatırladılıb. Sonra “O, Xarqo idi” sənədli filmi nümayiş olunub.
Filmin nümayişindən sonra tədbirdə iştirak edən “O, Xarqo idi” sənədli filminin ssenarist və rejissoru Tahir Tahiroviç əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyinin geniş qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamına əsasən keçirilən silsilə tədbirlər çərçivəsində bu filmin lentə alınmasından, onun yaranması ideyasından, ekran əsərində hər bir hadisənin arxiv materiallarına əsaslanmasından, filmin ərsəyə gəlməsindən və məqsədlərindən bəhs edib.
Əhmədiyyə Cəbrayılovun nəvəsi Müşfiq Cəbrayılov babası ilə olan xatirələrindən danışıb. O, Ə.Cəbrayılovun faşistlərə qarşı fransız partizanlarla birgə çiyin-çiyinə mübarizə aparması, müxtəlif xalqlardan olan partizanların Fransanın azadlığı uğrunda qardaşlığı ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Fransanın Azərbaycandakı keçmiş səfirləri Jan Perrən və Şantal Puare ölkəmizdə səfir olduqları zaman Fransa qəhrəmanı Ə.Cəbrayılovun doğma şəhəri Şəkiyə səfərlərindən, onunla söhbətlərindən, onun ölümündən sonra qəbrini ziyarət etmələrindən, Əhmədiyyə ilə birgə partizan hərəkatında olmuş Rene Şambarın Şəkidə dostunun qəbrini ziyarət etməsindən danışıblar.
Həyat yoldaşı Fransanın Azərbaycandakı səfirliyində işləmiş Aleksanr Vattən Fransanın azadlığı uğrunda mübarizə aparmış azərbaycanlı partizanlarla bağlı arxivlərdə işləməsindən, onlarla bağlı hazırladığı kitabdan söz açıb.
Tədbir çərçivəsində müharibə vaxtı azərbaycanlı əsgərlə ailə qurmuş, Azərbaycanda yaşamış və 50 ildən sonra ölkəsinə səfər etmiş fransız İvon Bottonun xatirəsi də yad edilib.