Tarix: 08.11.2024 / 16:00
Parisdə Azərbaycanın Milli Film Günü    keçirilir

Parisdə Azərbaycanın Milli Film Günü keçirilir

Parisdə Azərbaycanın Milli Film Günü keçirilib.

Bu barədə məlumatı Diaspora.TV-yə açıqlamasında Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun İdarə Heyətinin üzvü Aytən Muradova verib.

A.Muradova qeyd edib ki, bu gün festivalın son günüdür:

“Azərbaycanın Fransadakı səfirliyi, UNESCO yanındakı Daimi nümayəndəliyi və respublikamızın UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə Parisdəki Rex kinoteatrında 2-ci Beynəlxalq "Kino irsi" festivalı çərçivəsində baş tutan tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, isveçli fotoqraf və rejissor Mikael Silkebeq və digər şəxslər iştirak ediblər. Festivalda Azərbaycan M.Silkebeq tərəfindən ölkəmizin UNESCO üzrə Milli Komissiyası və respublikamızın İsveçdəki səfirliyinin dəstəyi ilə çəkilmiş "Xarıbülbül Əfsanəsi" və "Odin Kodu" sənədli filmləri ilə təmsil olunub”.

A.Muradova bildirib ki, "Xarıbülbül Əfsanəsi" Azərbaycanın musiqi paytaxtı Şuşanın işğaldan azad olunmasından sonra çəkilmiş ilk sənədli filmdir və onun tarixi əhəmiyyəti, zəngin mədəni irsindən bəhs edir.

A.Muradova qeyd edib ki, filmdə həmçinin qələbə və azadlıq simvoluna çevrilən Xarıbülbül çiçəyinin simvolik rolu haqqında da məlumat verilib.

Xəyalə Zöhrab
Diaspora.TV






Şərhlər

Yaz...