Tarix: 03.05.2024 / 14:36
Özbəkistan toyları Azərbaycan mahnıları olmadan keçmir  - Diaspor fəalı

Özbəkistan toyları Azərbaycan mahnıları olmadan keçmir - Diaspor fəalı

“Azərbaycan həqiqətlərinin tanıdılması ilə bağlı yaşadığımız yerdə milli-mədəni kimliyimizi təqdim etməklə xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsini qarşımıza məqsəd qoymuşuq”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Özbəkistanda Azərbaycan Milli Mədəniyyət Mərkəzinin nəzdində Gənclər Mərkəzinin sədri, “Qardaşlıq” adına Daşkənd Azərbaycan Milli Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü Həzrətəli Sarızadə deyib. O, Azərbaycanın adət-ənənələri və mədəni dəyərlərini Özbəkistanda hamı üçün əlçatan və başa düşülən etməyə çalışdıqlarını deyib:

“Hər il həm Azərbaycan, həm də Özbəkistanın milli və dövlət bayramlarını, həmçinin anım tədbirlərini qeyd edirik. Xocalı faciəsi kimi hadisələrin qeyd edilməsi tarixi irsin qorunub saxlanılmasına xidmət edir. Bununla bağlı təşkil etdiyimiz proqramda gənc fəallarımız Xocalının tarixindən bəhs etməklə yanaşı, soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şeirlər də ifa edirlər. Biz faciənin miqyasını və cəmiyyətə təsirini göstərən videoçarx hazırlayıb nümayiş etdiririk. Eyni zamanda tədbir iştirakçılarına Xocalının qısa tarixini əks etdirən broşürlər paylanır”.

H.Sarızadə əlavə edib ki, Novruz bayramının qeyd edilməsi də Azərbaycan mədəniyyətinin təbliğində mühüm rol oynayır:

“Novruz bayramını qeyd etdiyimiz Heydər Əliyev parkında giriş hamıya açıq olur və tədbirə digər millətlər də qatılır. Xüsusilə qeyd edim ki, özbək hakimiyyəti tədbirimizi keçirmək üçün mərkəzi küçələrdən birini bağlayır ki, bu da Azərbaycan mədəniyyətinə və ənənələrinə göstərilən yüksək qiymətdir”.

Soydaşımız vurğulayıb ki, Azərbaycan həqiqətlərinin tanıdılması üçün yaşadığımız yerlərdə müxtəlif bayramlar və tədbirlər keçirmək bir platformadır:

“Bu baxımdan mədəniyyətimizin bütün rəngarəngliyi və zənginliyi ilə təqdim olunmasında çoxsaylı tədbirlər mühüm rol oynayır. Məsələn, Özbəkistanda bir çox toylarda Azərbaycan mahnıları olmadan keçmək mümkün deyil. “Bəri bax”, “Biz mehriban ailəyik” və başqa mahnılar özbək bayramlarının ayrılmaz hissəsinə çevrilib. Bu, bir növ yerli əhalinin mədəniyyətimizə hörmət və anlayışının əlamətidir. Bundan əlavə, Azərbaycan diasporu bütün dövlət qurumlarında və hakimiyyət orqanlarında hörmət və dəstək alır. Bu onu göstərir ki, bizim işimiz cəmiyyətə real nəticə və xeyir gətirir. Bizim gərgin zəhmətimiz nəticəsində Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan dili fakültəsi yaradılıb. Bu, özbək cəmiyyətində mədəniyyətimizin əhəmiyyətini və aktuallığını vurğulayan mühüm nailiyyətdir. Eləcə də Azərbaycan müəlliflərinin bir çox kitabları özbək dilinə tərcümə olunub ki, bu da ədəbiyyatımızın özbək oxucuları arasında yayılmasına və populyarlaşmasına xidmət edir. Bütövlükdə, səylərimiz və təşəbbüslərimiz Azərbaycan və özbək xalqları arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsinə və dərinləşməsinə, eləcə də mədəniyyətimizin və milli mənsubiyyətimizin yerli səviyyədə təbliğinə yönəlib”.

H.Sarızadə diaspor fəaliyyətində qarşılaşdığı əsas problemlərlə bağlı bir neçə mühüm məsələni qeyd edib:

“Məsələn, gənc aktivistlərin sayının hər gün artması ilə mərkəzimizdəki milli geyimlər çatışmır. Milli geyimləri buarada tikmək üçün peşəkar dərziyə ehtiyac var ki, o da yoxdur. Digər bir problem kimi, diaspor üzvlərinin etibarlı və doğru Azərbaycan dilinə dair təhsil ala bilməməsini göstərə bilərəm. Çünki Azərbaycan ədəbiyyatı, dili ilə bağlı məktəblər, kurslar yoxdur. Bu problemlərin həllinə gəlincə, biz Diasporla İş üzrə Dövlər Komitəsi ilə əməkdaşlığı vurğulamaq istərdik. Başa düşürük ki, komitənin əsas məqsədi azərbaycanlıları bir araya gətirmək və onlara hər cür dəstəyi təmin etməkdir. Bu, diasporun problemlərinə yanaşmağın ən effektiv yolu kimi görünür. Bütün bunlar onu göstərir ki, diaspora fəaliyyətində qarşılaşdığımız problemlərin həlli üçün ciddi və effektiv addımlar atılmalıdır”.

Soydaşımız əlavə edib ki, Azərbaycan diasporunun yaşadığı ölkənin, şəhərin ictimai-siyasi həyatına və mediasına nüfuz etməsi üçün bir neçə əsas addım atılmalıdır:

“Əvvəla, diasporun yerli mədəni və ictimai təşkilatlar arasında aktiv iştirakı təşviq edilməlidir. Məsələn, mərkəzimiz kimi quruluşlar vasitəsilə yerli ictimaiyyətin diqqətini cəlb edə bilərik. Bundan başqa diasporda təmsil olunan gənc nəslə investisiya yatırılmalıdır. Hesab edirəm ki, bu yol diasporun daha da aktivləşməsinə və geniş təsir dairəsinə malik olmasına imkan verəcək”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...