Tarix: 13.05.2024 / 12:35
Öz gücümüzə güvənməliyik  - Günel Səfərova

Öz gücümüzə güvənməliyik - Günel Səfərova

“Fransadakı diaspora assosiasiyasının rəhbəri, elmi dərəcəsi olan soydaşınız kimi deyil, həm də vətənimizin gələcəyinə sərmayə qoymağa çalışan bir cəmiyyətin nümayəndəsi kimi qarşınızda dayanıram. Bundan da qürur duyuram”.

Diaspora.TV xəbər verir ki, bu fikirləri Fransada fəaliyyət göstərən “Alim” Elmi Assosiasiyasının rəhbəri, iqtisad elmləri doktoru, Versal və ADA universitetlərinin müəllimi Günel Səfərova Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Romada keçirilən 4-cü Forumunda “Azərbaycan qlobal informasiya müharibəsinin məcburi iştirakçısı kimi: 44 günlük Vətən müharibəsindən əvvəl və sonra” mövzusunda məruzəsində deyib:

“Hamıya məlumdur ki, Azərbaycan tarix boyu müxtəlif mədəniyyətlər, dillər və dinlər diyarı olub, Şərqlə Qərb arasında körpü rolunu oynayıb. Həmişə birgəyaşayış, sülh və multikulturalizmi təbliğ edib. Bununla belə, təəssüflər olsun ki, tariximizdə Dağlıq Qarabağ münaqişəsi yazılan bir başlıq da oldu. İstəməyərək, bir müharibədə iştirak etməyə məcbur olan Azərbaycan Qarabağ münaqişəsi kontekstində hər cəbhədə savaşırdı. 30 il ərzində Ermənistan Qarabağ münaqişəsi ətrafındakı informasiya müharibəsində dominantlıq etməsinin hamımız şahidi olmuşuq. Diaspor icmaları, güclü təşkil olunmuş media orqanları və güclü lobbi qrupları faktiki olaraq "Ermənistanı Azərbaycanın təcavüzünün qurbanı" kimi qələmə verirdi. Bu işlərin nəticəsi olaraq, tarixi kontekst və faktlara etinasızlıq edilir, azərbaycanlılara qarşı davam edən insan haqları pozuntularına laqeyd yanaşılır, Azərbaycan təcavüzkar kimi göstərilirdi. İşğal müddətində Azərbaycanın beynəlxalq qanun çərçivəsində haqlı iddialarını kölgədə qoyacaq mütəmadi aqressiv informasiya hücumu ilə qarşı-qarşıya idi. Bu işlər qlobal təsəvvürləri təhrif etməklə yanaşı, Azərbaycanın diplomatik səylərinə də mane olurdu”.

G.Səfərova bildirib ki, 2020-ci il Qarabağ müharibəsində dönüş nöqtəsi oldu:

“Azərbaycanın öz ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməsi və işğal olunmuş ərazilərini erməni separatçılarından azad etməsi regional geosiyasəti yenidən formalaşdırmaqla yanaşı, həm də informasiya müharibəsinin yenidən tənzimlənməsini zəruri etdi. Sosial media platformaları həlledici döyüş meydanına çevrildi. Diaspor fəalları real vaxt rejimində gerçək məlumatları yayaraq erməni dezinformasiyasına qarşı çıxış etməyə başladı. Erməni separatçılarının Vətən topraqlarından təmizlənməsini, hərbi əməliyyatların Azərbaycan ərazilərində aparıldığını, onların törətdiyi vandallıq və mədəni terrorun nəticələrinin nümayiş etdirilməsini və digər bu kimi mövzuları sosial media platformalarında paylaşaraq səfərbərlik göstərdik. Bu dönəmdə erməni yalanlarının cavabsız qoyulmaması Azərbaycana beynəlxalq rəğbət qazandırmaqda mühüm rol oynadı. Məsələn, Fransa mətbuatı, deputat və senotorlarına, eyni zamanda prezidentinə məktublar ünvanladıq, eləcə də prezidentin müşaviri ilə görüşdük”.

Assosiasiya rəhbəri vurğuladı ki, o dövrdə Azərbaycan hökuməti də məlumatların yayılması istiqamətində səylərini artırdı:

“Rəsmi bəyanatlar və mətbuat brifinqləri daha geniş əlçatanlığı təmin etməklə bir çox dillərə tərcümə edildi. Bundan əlavə, beynəlxalq media qurumları ilə əməkdaşlıq münaqişənin daha balanslı təsvirinin yaranmasına şərait yaratdı. Hərbi münaqişənin başa çatması Azərbaycanın informasiya müharibəsində iştirakının sona çatması demək deyildi. Əksinə, biz, rəqəmsal aləmdə rəqabətin güclənməsi ilə xarakterizə olunan yeni bir mərhələyə qədəm qoyduq. Azərbaycanın döyüş meydanında qətiyyətli qələbəsi güclü informasiya strategiyasına davamlı sadiqliyi ilə əks olunmalıdır:

• Mediaya sərmayə qoymaq: Aparıcı beynəlxalq dillərdə məzmunun yaradılması və daha geniş auditoriyaya çatdırılması. İnternet portalların yaradılması; Azərbaycanla bağlı düzgün məzmunların hazırlanması, media kurslarının verilməsi; Wikipedia kimi “open source” mənbələrdə Azərbaycanla bağlı məzmunların yaradılması.

• Dezinformasiya ilə mübarizə: Saxta xəbərlər və dezinformasiya kampaniyalarına qarşı mübarizə mühüm vəzifə olaraq qalır. Media savadlılığının təşviqi və faktları yoxlayan təşkilatlarla əməkdaşlığın gücləndirilməsi mühüm addımlardır. Yerli media ilə əlaqələrin gücləndirilməsi. Hər bir ölkənin mətbuatının iş prinsiplərinə uyğun media strategiyasının hazırlanması.

• Mədəni irsi təbliğ etmək: Mədəni layihələri həyata keçirərək Azərbaycanın mövqeyinin bilavasitə çatdırılması. Azərbaycan incəsənətini, musiqisini və adət-ənənələrinin nümayiş etdirilməsinin davamlı olması.

Yekun olaraq, qeyd edim ki, Azərbaycan sülhsevər, dünyada barışın tərəfdarı olaraq, qlobal informasiya müharibəsinin məcburi iştirakçısına çevrilib. Azərbaycan tarixi ədalətsizliyi yenə də öz gücunə həll edərək qüdrətini göstərdi və əmin olduq ki, biz öz gücümüzə güvənməliyik. Heç şübhəsiz, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun igid əsgərlərinin gücü hesabına Azərbaycan tarixi torpaqlarının bütövlüyünü təmin etdi. Azərbaycan öz informasiya infrastrukturuna davamlı sərmayə qoymaqla və diasporanın gücündən səmərəli istifadə etməklə səsinin qlobal media müstəvisində yüksək və aydın eşidilməsini təmin edə biləcəyinə inamım tamdır. Azərbaycana qələbə yaraşır! Yaşasın, qüdrətli Azərbaycan!”

Diaspora.TV

Şərhlər

Yaz...