Tarix: 03.05.2024 / 17:15
“Biz bu ölkədə özümüz üçün tədbir keçirməkdən kənara çıxa bilməmişik” - Məhsəti Şərif Özyürek

“Biz bu ölkədə özümüz üçün tədbir keçirməkdən kənara çıxa bilməmişik”- Məhsəti Şərif Özyürek

“14 ildir İstanbul şəhərində yaşayıram. Son 7 ildə isə diaspora fəaliyyəti ilə məşğul oluram”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında İnsan Hüquqları üzrə Təhsil Mədəniyyəti Həmrəylik Dərnəyinin sədri Məhsəti Şərif Özyürek deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat bir neçə tədbir keçirib və Azərbaycan həqiqətləri diqqət mərkəzində olub:

“Tədbirləri Türkiyədəki bələdiyyələrlə birgə keçirmişik və iki qardaş ölkənin birliyini özündə əks etdirib. Ən son “Heydər Əliyevin 100 illiyi”, “Azərbaycan Cümhuriyyətinin yaranamsı tarixi”, “Novruz türkün bayramıdır” adlı tədbirlərimiz olub. Bundan başqa Qarabağ zəfəri və zəfərdən öncə Qarabağla bağlı silsilə tədbirlər təşkil etmişik. Həmçinin zəlzələ zamanı dərnəyimizdə zərərçəkənlər üçün otaq hazırladıq və zəlzələ qurbanı olan 3 ailənin 1 aya yaxın bütün xərclərini çəkərək onların qayğısına qaldıq. Zəlzələ bölgəsinə 3 yük maşını yardım göndərdik. Ramazan ayında dərnəyimiz adından 1 ay müddətində Kahramanmaraşda pulsuz yemək payladıq. Bölgənin Afşin qəsəbəsində şəhid Allahverdi Bağırov adına böyük bir kitabxana açmışıq və açılışda Türkiyənin rəsmi şəxsləri də iştirak edib. “Kitabxanasız kənd məktəbi qalmasın” layihəmiz hələ də davam edir”.

Dərnək sədri qeyd edib ki, Türkiyənin televiziya kanallarında Qarabağ həqiqətlərinin işıqlandırılmasına nail olublar:

“TRT Belgesel”lə bərabər Qarabağ bölgəsinə - Ağdam, Zəngilan və Laçına gedərək "Annelerin savaşı" adlı sənədli film çəkmişik. Eyni zamanda Türkiyədə illərdir sənədsiz yaşayan Azərbaycan vətəndaşlarının sənəd əldə etmələri ilə bağlı Prezident İlham Əliyevin yaratdığı komissiya ilə birgə fəaliyyət göstərərək vətəndaşlarımızı problemlərinin həllinə kömək olmağa çalşırıq. Azərbaycandakı şəhidlərin xatirəsinə Türkiyədə 3 məktəbə hədiyyə ianə etmişik. Dərnəyimizdə “Azərbaycan mədəniyyəti” adlı sərgi keçirilib ki, bura bələdiyyələrin mədəniyyət şöbələri dəvət edilib. Bu istiqamətdə fəaliyyətimiz davam edir”.

Soydaşımız qeyd edib ki, Azərbaycan dərnəklərinin bir araya gətirilməsi, vahid mərkəzdən idarə olunması üçün binaya ehtiyac var:

"Aktiv fəaliyyət göstərən dərnəklərimiz o binada yerləşməli və birgə fəaliyyət göstərməlidirlər. Eyni zamanda dərnəklərimizin ölkəmizi daha doğru və əhatəli təqdim etməsi üçün iş adamlarımız tərəfindən maliyyələşmələrinə ehtiyac var. Çünki, maddi baza olmadığı təqdirdə fəaliyyət sahəsi daralır. Bunun üçün Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ümumi deyil, dərnəkləri tək-tək ziyarət etməli, fəaliyyət sahələri ilə tanış olmalıdır. Əks təqdirdə ümumi iclaslarla heç bir nəticə əldə edilə bilməz”.

Müsahibimiz diaspor fəaliyyəti üçün informasiya məsələsində Azərbaycanın geri qaldığını da etiraf edib. O, bu sahədə irəli getməyin yolunu isə qısa zamanda Media Mərkəzinin açılmasında görür. Qeyd edir ki, Türkiyənin siyasi elitası və mediasına nüfuz etmək üçün peşəkarlardan ibarət Media Mərkəzi açılmalı, xəbər, siyasi və sosial medianı, eləcə də mədəniyyət sahəsini işıqlandıran peşəkar sayt və ya xəbər agentliyi açılmalıdır:

“Konkret bir qurum olmalıdır ki, Türk telekanallarına, informasiya agentliklərinə nüfuz etsin və o cümlədən siyasilər, mədəniyyət nümayəndələri, məmurlar o qurumla hesablaşsınlar. Bundan sonra Azərbaycanı və onun siyasi liderinin arxasında durmalı, onu təbliğ etməliyik. Türkiyənin qardaş ölkə olmasından asılı olmayaraq, bu ölkənin gələcək siyasi iradəsinə təsir edəcək işlərə təcili olaraq start verilməlidir. Çünki Türkiyədə yaşayan erməni icmasının çoxluğunu, onların xəstəxanaları, məktəbləri, media mərkəzlərinin olduğunu nəzərə alsaq, biz bu ölkədə öz aramızda tədbir keçirməkdən başqa heç nə edə bilməmişik”.




Xəyalə Zöhrab
Diaspora.TV



Şərhlər

Yaz...