“Mən vətənimə çox bağlı insanam. Heç vaxt ölkə hüdudlarından kənarda yaşamaq kimi bir arzum olmayıb. Tale elə gətirdi ki, ailə qurandan sonra Rusiyada yaşamalı oldum”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında 24 ildir Rusiyada yaşayan pedaqoq, Azərbaycan Qadınlar Birliyinin rəhbəri Xatirə Qəmbərova deyib.
“Xaricdə yaşamaq, xalqını təmsil etmək böyük məsuliyyətdir. Hətta heç bir ictimai işlərdə, təşkilatlarda olmasan belə bir vətəndaş kimi sən başqa millətlərin içində millətinin siması kimi məsuliyyət daşıyırsan. Rusiyada ictimai işlərdə fəal xanımları tanımaq, onlarla iş birliyi etmək, birgə fəaliyyət göstərməyə marağım həyata keçirdiyim layihələrimlə gercəkləşdi”.
X.Qəmbərova 2019-cı ildən yaşadığı Yaroslav şəhərində Azərbaycan Qadınlar Birliyinin rəhbəri kimi fəaliyyətə başladığını bildirib:
“Rusiyanın müxtəlif bölgələrindən ziyalı, ictimai fəal xanımları bir araya gətirməklə buna nail olduq. Pandemiya dönəminə təsadüf etdiyi üçün işlərimizi onlayn, “whatsapp” qrupu üzərindən həyata keçirirdik. Bizim əsas məqsədimiz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, mədəniyyətimizi, ən əsası ana dilimizi qoruyub yaşatmaq və gələcək nəsillərə ötürmək, Azərbaycan həqiqətlərini yerli cəmiyyətə çatdırmaq idi”.
Cəmiyyət rəhbəri qeyd edib ki, Azərbaycanın tanıdılması üçün bir çox layihələrə imza atıblar:
“44 günlük haqq savaşında ordumuza yardımlar göndərdik. “Yaşat” Fonduna ianələr etdik. Həmin vaxtlar güclü informasiya davası da gedirdi. Bizim xanımlar bu informasiya savaşında çox fəal oldular. Yaşadığımız regionlarda Azərbaycan həqiqətlərini yerli cəmiyyətə çatdırmaqda əlimizdən gələni edirdik. Yazılı şəkildə yerli dövlət qurumlarına məktublar ünvanlayıb haqq səsimizi çatdırırdıq”.
Müsahibimiz diaspora fəaliyyətində mövcud olan əsas problemlərdən də danışıb. Qeyd edib ki, diaspora fəaliyyətinin nədən ibarət olduğunu bilməyən, səriştəsiz adamlar, bəzən öz adını yaza bilməyən savadsızlar diasporda rəhbər vəzifələrdə otururlar:
“Bu halları aradan qaldırmaq üçün koordinasiya mərkəzi yaradılmalıdır. Diaspora, bu işi bilən, bacarıqlı, məktəb keçmiş kadrlar gəlməlidir. Diaspora fəaliyyətinə büdcə ayrılmalı, maliyyələşdirilməlidir. Diasporada savadlı, vətənpərvər insanlarımız da var. Onlar bacardığı qədər öz maddi vəsaitləri hesabına bu işləri idarə edirlər. Amma, bu vəzifədən öz maraqları naminə sui-istifadə edənlər də çoxdur”.
Xəyalə Zöhrab
Diaspora.TV
Аюбова Улвия
Uğurlariniz daim olsun
03.10.2024 / 15:37