Tarix: 11.11.2024 / 12:00
"Azərbaycandakı şagirdlərlə görüş dilimizə   marağı artırır"

"Azərbaycandakı şagirdlərlə görüş dilimizə marağı artırır"

“Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbi ilə Bakı şəhərindəki 220 saylı məktəb - liseyin şagirdləri zoom üzərindən Zəfər və Bayraq günlərinə həsr edilmiş görüş keçiriblər”.

Bu barədə Diaspora.TV-yə açıqlamasında Oslodakı Nizami Gəncəvi adına həftəsonu məktəbinin koordinatoru Günay Əliyeva məlumat verib.

G.Əliyeva bildirib ki, görüşdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb və şagirdlər Azərbaycanın dövlət himnini səsləndiriblər:

“Xarici ölkələrdə dünyaya göz açan azərbaycanlı uşaqlarda ana dilinə, vətənə, bayrağa və torpağa sevgini gücləndirmək üçün bu cür görüşlər böyük əhəmiyyət kəsb edir. Tədris prosesində şagirdlərə ana dilini və ədəbiyyatı öyrətməklə yanaşı, onların gələcəkdə vətənpərvər yetişməsi üçün proqramlar tətbiq edilir. Azərbaycanlı şagirdlərlə görüş də əhəmiyyətlidir, bu cür görüşlər dilimizi öyrənməyə maraq göstərən, xaricdə dünyaya göz açan şagirdlərdə həvəsi daha da artırır və onlarda milli ruhun formalaşmasına kömək edir”.

Qeyd edək ki, N.Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbi ilə Bakı şəhərindəki 220 saylı məktəb - lisey şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söyləyib, rəsmlər nümayiş etdirib və mahnılar ifa ediblər.

N.Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin istedadlı və vətənpərvər şagirdi Səlim Abbaszadənin vətənpərvərlik mövzusunda çəkdiyi çoxsaylı rəsmlər sinif otağında nümayiş olunub və maraqla qarşılanıb.

Digər şagirdlərin rəngli sap və muncuqlardan hazırladığı Norveç, Türkiyə və Azərbaycan bayraqları da nümayiş etdirilib.

Xəyalə Zöhrab
Diaspora.TV



Şərhlər

Yaz...