Tarix: 04.06.2024 / 15:37
Onların Azərbaycana qaytarılması təmin olunmalıdır   - Sosioloq

Onların Azərbaycana qaytarılması təmin olunmalıdır - Sosioloq

“Son 30 ildə Azərbaycandan böyük sayda beyin axını gedib. Minlərlə alim, mütəxəssis, müxtəlif sahədə çalışan intellektual şəxslər xarici ölkələrə köçüb. Bizim məqsədimiz onları yenidən Azərbaycan gətirmək olmalıdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında sosioloq Elçin Bayramlı deyib. Onun sözlərinə görə, biz bu şəxslərdən müxtəlif tədbirlərdə - həm Azərbaycanda keçirilən, həm də beynəlxalq səviyyədə təşkil olunan aksiyalarda istifadə edə bilərik:

“Onların tədbirlərdə iştirakını təmin etməliyik. Çünki onlar bu işlərə fayda verə, Azərbaycanı intellektual bir xalq kimi tanıda bilər”.

Sosioloq təəssüf hissi ilə bildirib ki, diaspor təşkilatları və müvafiq dövlət orqanları bu işlə məşğul olmayıblar:

“Biz müharibə dövründə gördük, xarici ölkələrdə yaşayan nüfuzlu azərbaycanlılar, alimlər, biznesmenlər könüllü şəkildə təbliğat aparıb və informasiya müharibəsində fəal iştirak etdilər, Azərbaycan həqiqətlərini yaşadıqları cəmiyyətə çatdırmağa çalışdılar. Bunu 99%-in şəxsi təşəbbüsləri ilə edirdilər. Yaxşı olar ki, Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində bir qrup yaransın, sırf bu şəxslərin siyahısı hazırlansın, müvafiq sahələrdə olanlar tədbirlərdə fəal iştiraka cəlb olunsunlar”.

Sosioloq hesab edir ki, bu onlarla koordinasiyalı işləməyə imkan yaradar:

“Həm də dünyada Azərbaycanın həyata keçirdiyi təbliğat işinə böyük dəstək vermiş olar. Onların Azərbaycana qaytarılması da mümkün qədər təmin olunmalıdır. Əgər çox ehtiyac olan sahələr varsa, onlar Azərbaycana daha çox xeyir verə bilərlər”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...