Tarix: 11.08.2024 / 15:28
 Azərbaycan mədəniyyətini və musiqisini tanıtmağa çalışıram  - Könül Əmirova

Azərbaycan mədəniyyətini və musiqisini tanıtmağa çalışıram - Könül Əmirova

“Buradakı insanların Azərbaycan haqqında məlumatları çox azdır. İlk növbədə, bir musiqiçi olaraq, bəstəkarlarımızı, klassik və xalq musiqilərimizi, xüsusilə də muğamımızı tanıtmağa çalışıram. İnsanlara, musiqiçilərə və tələbələrimə bu mövzularda məlumatlar verirəm. Eyni zamanda, öz musiqi əsərlərimdə də muğam elementləri və xalq mahnılarımızdan sitat gətirirəm”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında musiqiçi, Fransada yaşayan soydaşımız Könül Əmirova deyib.

K.Əmirova qeyd edib ki, son illərdə maraqlı ustad dərslərində, seminarlarda, müsabiqələrdə və uğurlu layihələrdə həm bəstəkar, həm də ifaçı kimi iştirak edir:

“Peşəkar musiqiçilər Camilla Chiga, "Diotima" kvarteti, Claudio Pesceri və digərləri ilə əməkdaşlıq etmişəm. Arfa üçün yazdığım "Rapsodiya" əsərimdə Hacıbaba Hüseynovun "İki sevda çəkənlərin cəzası var" təsnifindən istifadə etmişəm. Həmçinin, arfa və orkestr üçün yazdığım (hələ ifa olunmamış) konsertimdə 12 xanə Bayatı-Şiraz muğamını, "Sönən ocaq" pyesimin sonunda isə "Sarı gəlin" xalq mahnısından istifadə etmişəm. Kiçik yaşlı uşaqlarla çalışdığım üçün bir neçə müxtəlif alətlər üçün pedaqoji pyeslər, həm Azərbaycan, həm də fransız dillərində uşaq mahnıları bəstələyirəm. Bu yaxınlarda Oqtay Zülfüqarovun "Kim sevirsə idmanı" mahnısını fransız dilinə tərcümə etmişəm. Konservatoriyanın müəllimi Francis Delle Nave bu mahnını ifa edib. Onu studiyada yazmışıq və köhnə video ilə səsi birləşdirərək YouTube kanalımda paylaşmışam. Videonun təsvir bölməsində kiçik məlumat da yerləşdirmişəm”.

K.Əmirova bildirib ki, bu yolla sosial şəbəkələrdə kiçik açarlar qoyaraq insanların marağını oyatmağa çalışıram call:

“Onlar müəyyən bir şəxs, bəstəkar və ya musiqi haqqında daha çox öyrənmək istəyirlərsə, internet vasitəsilə daha ətraflı məlumat axtara bilərlər. Əsas məsələ odur ki, keyfiyyətli materiallara rast gəlsinlər. Bununla yanaşı, dostlarım və tanışlarıma mətbəximiz, tariximiz, şairlərimiz, dilimiz, adət-ənənələrimiz və bayramlarımız haqqında da məlumatlar verməyə çalışıram. Bir azərbaycanlı kimi bacardığım qədər, ətrafımdakı insanlara Azərbaycan haqqında daha düzgün məlumat verirəm”.

Qeyd edək ki, Könül Əhmədova 6 yaşından etibarən 4 nömrəli musiqi məktəbində fortepiano ilə məşğul olub. 13 yaşında Bakı Musiqi Akademiyası nəzdindəki məktəb-studiyasında professor Qənirə Hüseynovanın arfa sinfinə qəbul olub.

1996-cı ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bakalavr, daha sonra magistr pilləsinə qəbul olub.

2002-ci ildə təhsilini Fransanın Metz şəhərində yerləşən “Gabriel Pierné” Konservatoriyasında professor Beatrice Huvenne ilə davam etdirib.

2006-cı ildə Üzeyir Hacıbəyli adına Dövlət Akademik Simfonik Orkestrinin solisti kimi 13 il Bakıda fəaliyyət göstərib. Eyni zamanda, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində arfa müəllimi kimi çalışıb. Bu illər ərzində müxtəlif konsertlərdə, festivallarda həm solist, həm də müxtəlif orkestrlərlə əməkdaşlıq edib.

2019-cu ildə yenidən Fransaya qayıdıb və 2021-ci ildə Lorraine Universitetinin Musiqişünaslıq və Musiqi Nəşriyyatçılığı üzrə magistr dərəcəsi alıb. “Metz Eurometropole-un Gabriel Pierné” Konservatoriyasında Filippo Zapponinin bəstəkarlıq sinfində təhsil alıram. Hazırda musiqi nəzəriyyəsi müəllimi kimi çalışır.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...