“Diasporla müsahibə” verilişinin növbəti qonağı Giresun Azərbaycanlılar Dərnəyinin rəhbəri Elgün Məmmədov olub.
E.Məmmədov müsahibədə Giresun Azərbaycanlılar Dərnəyinin yaranma tarixi, fəaliyyət istiqamətləri və Türkiyəyə üz tutan azərbaycanlı tələbələrin qarşılaşdığı problemlərdən söz açıb.
Cəmiyyət rəhbəri bildirib ki, 2021-ci ildə şəxsi təşəbbüsü ilə dərnək qurub və Azərbaycanın tanıdılması istiqamətində tədbirlər keçirir:
“20 Yanvar, Xocalı faciəsi, Zəfər bayramı kimi günləri qeyd edib, tədbirlər keçirməklə bilməyənləri də məlumatlandırmağa çalışırıq”.
E.Məmmədov bildirib ki, keçirdiyi bəzi tədbirlərin maddi tərəfinin bir qismini Diasporla İş üzrə Dövlət Komitəsi qarşılayır:
“İldə 12 tədbir keçiririksə onun yalnız 2-ni Diaspor Komitəsi qarşılayır. Digər tədbirləri şəxsi hesabımıza planlaşdırırıq. Daha əyləncəli, rəngarəng layihələrlə gənclərin diqqətini çəkə bilərik. Hər zaman çalışırıq ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Novruz Bayramı kimi əlamətdar günləri maraqlı və əyləncəli formada təşkil edək. Nəticə etibarı ilə gəncləri də diaspor sahəsinə gətirmiş oluruq. Lakin azərbaycanlıların əsas problemi odur ki, həmin tədbirlərə maraqları azdır. Hər şeyi hazır edirik, onlar görürlər, ancaq yaxın gəlmək, iştirak edib ən azından öz sosial media hesablarında məlumat paylaşmaq istəmirlər”.
Müsahibimiz Türkiyəyə təhsil üçün üz tutan soydaşlarımızdan da söz açıb:
“Dərnəyimizə yeniyetmələr, qardaş ölkəyə təhsil üçün gələn gənclər tez-tez müraciət edir. Bunun da səbəbi odur ki, onları aldadıb saxta sənədlərlə göndərirlər Türkiyəyə. Xaricdə təhsil şirkətinin tövsiyəsi ilə gələn neçə soydaşımıza dərnəyimiz kömək edib. Həmvətənlərimi boş geri qaytarmamışıq, bu kimi situasiyalarda onlara lazımı köməyi göstərmişik. Sadəcə həmin şirkətlər həm ölkənin, həm də universitetin adına xələl gətirirlər. Çox istərdim ki, dövlət tərəfindən bu kimi məsələlərlə bağlı tədbir görülsün”.
SAHİB GADİROV
ne var onu deyirde ne xelel getirirki oz cibinden verir oxumaq puludur ve sair ve s.
27.08.2024 / 08:05