Tarix: 04.04.2024 / 17:42
“Onlar günahkardır...”  - Ekspert GİLEYLƏNDİ

“Onlar günahkardır...” - Ekspert GİLEYLƏNDİ

“Avropada məskunlaşan Güney Azərbaycan icması bizdən və Türk diasporundan kənar gəzir”.

Bu sözləri Diaspora.tv-yə açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

M.Göyüşlü bildirib ki, ölkəmizdən kənarda yaşayan soydaşlarımız, xüsusilə də Güney azərbaycanlılar Azərbaycan Respublikasının qarşısında duran məsələlərə həssas yanaşmalıdırlar:

“Çox istərdik ki, azərbaycanlılar xaricdə Azərbaycan Respublikası üçün əhəmiyyət daşıyan məsələlərin müzakirəsində fəal dəstək versinlər. Azərbaycan həqiqətlərinin və milli mədəniyyətimizin təbliğində fəal rol oynayıb, aktiv iştirak etsinlər. Həmvətənlərimizin sayı kifayət qədərdi, onların arasında savadlı, bacarıqlı ictimai aktiv insanlar, yaşadıqları ölkələrdə layiqli yerləri tutmağı bacaran şəxslər var. Onlar maddi baxımdan imkanlı, ən əsası isə sözükeçən insanlardır. Bir anlıq təsəvvür etsək ki, onlar hamısı Azərbaycanın diaspor fəaliyyətində, Azərbaycanın haqq işinin müdafiəsində fəal iştirak edirlər... Belə olan halda Azərbaycanın haqq səsinin dünyaya duyurulmasında və əleyhimizə qəbul edilən qərarların qarşısının alınmasında çox böyük bir güc formalaşmış olar. İndiki situasiyada da bu bizə çox lazımdır”.

M.Göyüşlü əlavə edib ki, əslində reallıqlar ürəkaçan deyil və birmənalı şəkildə demək olmaz ki, onlar günahkardır, bizim dediyimiz məsələlərə diqqət etmirlər:

“Əlbəttə, Azərbaycan Respublikasının haqq işinin təbliğinə, müdafiəsinə onların etinasız olduğunu söyləmək də ədalətsizlik olar. Düşünürəm ki, burada yarı-yarıya hər kəs bu problemin yaranmasında günahkardır: həm xaricdəki azərbaycanlılar, həm diasporla çalışan aidiyyəti qurumlar, həm qeyri-hökumət təşkilatları, həm media, həm də ictimai xadimlər...”.

“Azərbaycandan kənarda və Bakıda Dünya azərbaycanlılarının qurultayları keçirilir. Bir araya gəlmək üçün sanballı yol xəritəsi, proqram xarakterli bir sənədin hazırlanmasına ehtiyac var. Azərbaycançılıq ideologiyasının təməl prinsipləri üzərindən güc halına gəlməyimiz və birləşməyimiz lazımdır. Bu onların özünə də lazımdır. Bu birləşmədən hər iki tərəf fayda götürəcək: həm dövlət, həm də diaspor... Bu mənada bunları nəzərə almaq lazımdır”, - deyə M.Göyüşlü qeyd edib.

Müsahibimizin fikrincə, Güneydəki azərbaycanlılar bu məsələlərdə fəallaşarlarsa, böyük bir güc potensialı formalaşar:

“Nəticə etibarı ilə çox samballı çalışmaları həyata keçirmək mümkün olar. Hətta türkiyəli soydaşlarımız və digər Türk xalqlarını təmsil edən soydaşlarımız da birləşərsə, güclü Azərbaycan - Ümumtürk diasporu ərsəyə gələr”.

Xəyalə Zöhrab
Diaspora.tv

Şərhlər

Yaz...