Tarix: 22.11.2024 / 16:00
Onlar azərbaycanlıları gözdən salır, etnik ədavəti qızışdırırlar -    Şahin Şıxlinski Məşvərət Şurasında sərt danışdı

Onlar azərbaycanlıları gözdən salır, etnik ədavəti qızışdırırlar - Şahin Şıxlinski Məşvərət Şurasında sərt danışdı

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Sverdlovsk vilayətinin qubernatoru yanında Milli məsələlər üzrə Məşvərət Şurasında çıxış edərkən rəhbərlik etdiyi qurumla bağlı yerli mətbuatda yayılan son yazılara toxunub.

Diaspora.TV xəbər verir ki, o, çıxışında bildirib ki, rəhbərlik etdiyi qurum bir sıra regional KİV-lərin genişmiqyaslı informasiya hücumu ilə üzləşib, bunun məqsədi bütövlükdə bütün azərbaycanlıları gözdən salmaq, etnik ədavəti qızışdırmaq olub:

“Bizim fəaliyyətimiz həmişə ictimaiyyətin diqqət mərkəzində olub, həm də bədxahların paxıllığına səbəb olub. Bu tamamilə normaldır. Lakin son iki ayda regional mediada indiyədək heç vaxt rast gəlmədiyimiz belə qaralama və təzyiqlərlə üzləşmişik. Sverdlovsk vilayətinin mətbuatında bizə qarşı cinayətlər və hətta ağır cinayətlər törətməkdə ittihamlar geniş yayılır”.

Şahin Şıxlinski bildirib ki, indi demək olar ki, elə bir gün olmur ki, nə şəxsən onun özü, nə də milliyyətcə azərbaycanlı olanlar müəyyən vəhşiliklər törətməkdə ittiham olunmasın.

“Üstəlik, indi bu media artıq öz videolarında ailə üzvlərimi də fəal şəkildə qaralamaqla məşğuldur. Bu əsasda onlar şüurlu və kifayət qədər bilərəkdən milli ədavəti qızışdırır, Rusiya sakinləri arasında Azərbaycan xalqının nümayəndələrinə qarşı nifrət oyadırlar. Ən parlaq misallardan biri az qala hər gün təşkilatımıza palçıq atan, onu “mütəşəkkil cinayətkar qrup” adlandıran, üstəlik şəxsən məni bu “cinayətkar qruplaşmanın” lideri olmaqda ittiham edən “KRIK-TV” kanalıdır. Deyəsən, KRIK-TV-nin son həftələrdəki bütün yayımı bizim işimizlə bağlı yalnız yalanlar axınından ibarət olub. Bu kanalda “Utanc lövhəsi” və “Rezonans” verilişlərinin daimi “qonağı” olduq”, - deyə Şahin Şixlinski bildirib.

Onun fikrincə, bu, etnik nifrətin qızışdırılmasından və etnik zəmində - konkret millətin nümayəndələrinə qarşı nifrətin aşılanmasından başqa bir şey deyil:

“Biz artıq Sverdlovsk vilayətinin rəhbərliyinə, hüquq-mühafizə və dövlət təhlükəsizlik orqanlarının rəhbərlərinə açıq müraciət göndərmişik, həmçinin bu barədə Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkilinə məlumat vermişik. Biz bütün hüquq-mühafizə orqanları ilə onların səlahiyyətlərinə uyğun olaraq fərdi qaydada əlaqə saxlayıb, araşdırma aparıb, bu saxtakar kampaniyanın təşkilatçılarını və iştirakçılarını məsuliyyətə cəlb edəcəyik. Milli-mədəni təşkilat olaraq məqsədimiz Rusiyada millətlərarası ixtilafların olmaması, Rusiyada milli nifaq və düşmənçiliyə yer olmamasıdır. Beləliklə, Rusiyada sülh, harmoniya, xalqlar arasında dostluq həmişə hökm sürsün. Biz onun möhkəmlənməsinə öz imkanlı töhfəmizi vermişik və edəcəyik”.

Şərhlər

Yaz...