Tarix: 16.10.2024 / 09:00
Diaspora güzəştli turizm xidməti...  - Ehtiyac varmı?

Diaspora güzəştli turizm xidməti... - Ehtiyac varmı?

“Diaspor təşkilatları xətti ilə ölkəyə xüsusi güzəştlərlə turist gəlməsinə elə bir ehtiyac görmürəm. Əgər hər hansı bir ehtiyac olarsa, dövlətin dəstəyi ilə ölkəyə xüsusi nümayəndələr dəvət olunur”.

Bu sözləri Diaspora.TV-yə turizm eksperti Ceyhun Aşurov deyib. Onun sözlərinə görə, son zamanlar xaricdə yaşayan azərbaycanlılar müxtəlif ölkələrdə keçirilən tədbirlərə qatılırlar:

“Ölkə haqqında müəyyən fikir birliyinə sahib olurlar və müəyyən məsələlərin müzakirəsini həyata keçirirlər. Eyni zamanda, həmin soydaşlarımız yaşadıqları ölkələrdə Azərbaycanın həqiqətlərini dünyaya çatdırılmasında, həmin icmaların yaşadıqları yerlərdə tanıdılmasında yaxından iştirak edirlər”.

Ceyhun Aşurov hesab edir ki, bu kimi turlar daha çox siyasi xarakterlidir:

“Düzdür, burada turizm məqsədi də var. Azərbaycanın dünyanın bir çox turizm bazarlarında nümayəndəlikləri var və onlar bu məsələ ilə məşğuldurlar. Oradan Azərbaycanın turizm təşviqini həyata keçirirlər. Azərbaycanın turizm məkanı kimi yaşadıqları ölkədə tanıtımını edirlər. Və potensial bazarlardan Azərbaycana daha çox turist gəlməsinə çalışırlar. Bununla bağlı olan problemləri də dövlət səviyyəsində həll etməyə cəhd göstərirlər”.

Ekspert birbaşa reyslərin açılması, vizaların sadələşdirilməsi və yaxud da viza rejiminin aradan qaldırılması kimi təkliflər səsləndirildiyini önə çəkib.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...