“Küveytdə aktiv fəaliyyət göstərən azərbaycanlılardan biriyəm və bu istiqamətdə ölkəmi layiqincə təmsil etməyə çalışıram”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin üzvü, İngilis dili müəlliməsi Nüşabə Lətifova deyib.
Onun sözlərinə görə, Azərbaycan üçün önəmli olan günlərə həsr edilmiş tədbirlərdə yaxından iştirak edir:
“Səfirliyimizin təşkil etdiyi tədbirlərdə aparıcılıq edirəm. Eyni ilə də məktəblərdə tədbirlər keçiriləndə Azərbaycan mədəniyyətini uşaqlara öyrədirəm. Hətta bu günə qədər keçirilən tədbirlərdə milli geyimlərimizi təqdim etmişəm. Tədbir iştirakçıları ilə adət-ənənlərimizlə bağlı danışıqlar aparıram, məlumatlar verirəm”.
N.Lətifova əlavə edib ki, xarici şagirdlərinə və eləcə də azərbaycanlı uşaqlara Ermənistan və Azərbaycan münaqişəsindən bəhs edir, birtərəfli məlumatların verilməsinin qarşısını alır:
“Küveytli dostlarıma da Azərbaycan haqqında məlumatlar verirəm. Azərbaycana səfər etdikdən sonra onların təəssüratlarını da öyrənmişəm. Onlar bizim haqqımızda çox müsbət düşüncədədirlər. Azərbaycanı çox seviblər və deyirlər ki, danışdıqlarınız doğrudur. Azərbaycanın çox gözəl və təmiz şəhər olduğunu deyirlər”.
Hazırda Küveytdə Böyük Britaniya məktəblərinin birində ingilis dili müəlliməsi kimi fəaliyyət göstərdiyini bildirən N.Lətifova doktoranturanı başa vurduqdan sonra fəaliyyətini universitetdə davam etdirmək fikrində olduğunu qeyd edib.
Xəyalə Zöhrab
Diaspora.TV