Qədimdən bəri gül sevgi və firavanlıq simvolu hesab edilir. Güllər əsrlər boyu rəssam və şairlərin diqqətini çəkib və yaradıcı insanlar üçün ilham mənbəyi olub. Hər zaman olduğu kimi, bu gün də onlara maraq və təlabat kifayət qədərdir. Güllərin qablaşdırılması, təqdimatı isə olduqca önəmlidir. Amsterdamda yaşayan həmyerlimiz Yusif Xəlilov isə, bu təqdimatı yüksək səviyyədə və özünəməxsus şəkildə etməyi bacarır.
Həmyerlimiz haqqında qısaca məlumatı diqqətinizə çatdırıb, ardınca hazırlamış olduğu maraqlı layihələr haqqında söhbət açaq.
Y.Xəlilov Bakıda anadan olub. Yasamal rayonu 167 saylı tam orta məktəbi bitirib. Onun bu sahədə işə başlaması isə tamamilə təsadüf nəticəsində olub. Yusif həmin günü belə xatırlayır:
"Yadımdadır, 2012-ci ildə şəhərdə fəaliyyət göstərən gül salonlarının birinə yaxınlaşıb, buket sifariş etdim. Lakin hazırlanan buketi bəyənməyib, icazə versəniz özüm yenidən qablaşdıraram dedim. Elə də etdim. Mən sifarişimi öz əllərimlə, zövqlə hazırladım. Mağaza rəhbəri isə hazırlamış olduğum buketi çox bəyəndi və mənə onlarla işləməyi təklif etdi. O gündən də orada çalışmağa başladım. Həmin müddətdə isə öz işinin ustası Dimitri Türkandan da dərs aldım".
Yusif qeyd edir ki, dostlarının dəvəti ilə 2016-cı ildən Amsterdamda yaşayır, fəaliyyətini də orada davam etdirir:
"İşimi çox sevirəm. Buketlərdə fərqli gözəlliklər yaratmaqda məqsədim isə, insanlara müsbət enerji ötürərək, onları qısa müddətlik də olsa dünyada baş verən neqativlərdən yayındırmaqdır. Bir neçə gün öncə qiyməti 1.7 milyon manat olan gülləri hazırlamaqda da məqsədim bu olub. Onları xüsusi sifariş üçün deyil, yalnız bu məqsədlə hazırladım. Onun hazırlanmasında nadir çiçəklərdən istifadə etdim. Həmin qablaşmanı qara kala, qəhvəyi vanda orxideyası və iki unikal növ qızılgül və əsası isə brilliant qaşlar və ağ qızıllarla bəzədim. Bununla da mən, xanımların sevimlisi olan gülləri və dəyərli daşları bir araya gətirməyi bacardım. Çox sevindim ki, bu buket haqqında Səudiyyə Ərəbistanında, İspaniyada, Türkiyədə və başqa ölkələrdə məlumatlar dərc edildi. Bu mənim üçün əsl sürpriz oldu".
Xəlilovun güllərdən ərsəyə gətirdiyi gödəkcə də xeyli marağa səbəb olub. Onun hazırlanmasında dünyanın ən bahalı qızılgülü olan Cülyetta rozadan istifadə edilib:
"Bir çox layihələr həyata keçirmişəm. Xəyal etdiyim dizaynları xüsusi yaddaş dəftərimə qeyd edirəm, geridə qalan hər şey isə özlüyündən yaranır. İnanıram ki, buna işimə olan sevgim səbəb olur. 700 ədəd Cülyettadan istifadə edərək hazırladığım gödəkcənin çəkisi isə 30 kq idi".
Yusif Xəlilov qeyd edir ki, "Qlobal istiləşmə" mövzusuna həsr etdiyi "Sonuncu insan" rəsm kolleksiyası dünyamızı qorumaq naminə verilmiş bir mesajdır:
"Planetimizin qeydinə qalmalıyıq. Əks halda dünyamızı böyük təhlükələr gözləyir. İnsanların qlobal istiləşməyə biganə olmamaları üçün, metal rəsm kolleksiyasını toplamağı qərara aldım, onu "Sonuncu insan" adlandırdım".
Xəlilov iddia edir ki, hazırlayacağı növbəti buket 1.7 milyon manatdan da baha olacaq!
"Amerikalı almaz istehsalçısı ilə birgə 2025-ci ilin aprelində daha da bahalı buket hazırlamaq qərarına gəlmişik. Bunun üçün müqavilə bağlamaq haqqında söhbətlər də aparırıq. Həmin buket tropik üslubda olacaq. Brilyantın karatı dünyanın ən bahalı buketində istifadə olunandan da çox, yəni 4.1 karatdan da artıq olacaq".
Fərqli ideaları, təqdimatları ilə uğurlar qazanan həmyerlimizin tək arzusu isə, adını "Ginnesin Rekordlar Kitabı"na yazdırmaqdır.
Pərvin Şakirqızı
Diaspora.TV