Tarix: 03.09.2024 / 13:38
Niyə də azərbaycanlılar olmasın?  - TƏKLİF

Niyə də azərbaycanlılar olmasın? - TƏKLİF

“Biz istəsəkdə, istəməsək də tarixi Azərbaycan və son illər daha çox işlənilən real Azərbaycan var. Eyni zamanda bütün bunlarla yanaşı virtual Azərbaycan da var. Əslində dövlət və dövlət qurumları məhz virtual Azərbaycan ətrafında dünya azərbaycanlılarının birləşdirilməsinin tərəfdarıdır”.

Bu sözləri Diaspora.TV-yə kulturoloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, bu ideya illər boyu Azərbaycan cəmiyyətinə təqim edilib, saytlara ekspert rəyləri, müsahibələr verilib, məqalələr yazılıb.

Kulturoloq hətta böyük bir layihənin də təqdim edildiyini xatırladıb:

“Virtual Azərbaycan” layihəsinin tərkib hissəsi olaraq Mir Cəlal Paşayev adına Milli Elektron Kitabxananada “kitabxana-net” portalını yaratdıq. Bu günə kimi orada 15 minə yaxın, dünyanın ən aparıcı dillərində elektron kitablar da yerləşdirdik ki, soydaşlarımız azərbaycançılığın intelektual tərəflərini onunla öyrənsin. Bu baxımdan diaspora quruculuğu, lobbiçilik, dünya azərbaycanlılarının həmrəyliyi məsələsi həm dövlətimizin özünün qlobal bir alət olaraq siyasi bir xəttidir, həm də ictimai xadimlərin, ziyalıların tez-tez Azərbaycan cəmiyyətinə mesaj olaraq ötürdüyü fəlsəfi dövlətçilik texnologiyasıdır. Ölkə Prezidenti İlham Əliyev 60 milyonluq dünya azərbaycanlılarının dövlət rəhbəridir. Bu həmin diaspora verilmiş çox böyük ideoloji bir silahdır. Bu 60 milyonun arasında Cənubi Azərbaycan, Borçalı, Dərbənd, Hindistandan tutmuş Pakistan, Əfqanıstan, Anadolu torpaqlarındakı azərbaycanlılara kimi böyük mənada həm də türk dünyasını əhatə edir. Azərbaycan deyəndə həm də Türk dünyası yada düşür”.

Aydın Xan Əbilov hesab edir ki, dünya azərbaycanlılarını yalnız Azərbaycanda deyil, həm də yaşadıqları yerlərdə iqtisadi, mədəni, elmi və sosial sahələrdə də dəstəkləmək vacibdir:

“Biz artıq dünyada yaşayan mütəxəssislərlə, yəni ayrı millətlərdən olan tanınmışlarla yanaşı orada yaşayan azərbaycanlıları və yaxud da qarşıq nikahlardan olan soydaşlarımızı dəstəkləməyi bacarmalıyıq. Diasporla İş üzrə Dövlət Komitəsi qarşısına qoyduğu vəzifələri yerinə yetirir, amma bu hissəyə də xüsusi önəm versə daha düzgün olar”.

Aydın Xan Əbilov deyib ki, ən önəmli xətt azərbaycanlıların dünyanın müxtəlif ölkələrində siyasi elitaya daxil olmasıdır:

“Sonra deputat seçilsinlər, nazir olsunlar, mədəniyyət, elm, televiziya, mətbuat, internet resurslarının sahiblərinə çevirilsinlər. Bu qəribə, romantik səslənə bilər, amma Britaniya təcrübəsi var. Və yaxud da digər ölkələrdə olan deputatlar, nazirlər, tanınmış adamları biz görürük. Niyə də azərbaycanlılar olmasın? Niyə də azərbaycanlıları biz iqtisadi, siyasi cəhətdən dəstəkləyib bu səviyyəyə qaldırmayaq”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...