Tarix: 10.06.2024 / 15:56
 Niyə Azərbaycanın deyil,  Rus Mədəniyyət Mərkəzində?! - VİDEO

Niyə Azərbaycanın deyil, Rus Mədəniyyət Mərkəzində?! - VİDEO


İyunun 9-da Parisdə Azərbaycan incəsənətinin iki istedadlı nümayəndəsi - şairə Ülviyyə Axundova və pianoçu Nazxanım Dadaşovanın iştirakı ilə “Soyuq suda bir az günəş” adlı musiqili-poetik gecə keçirilib.

Diaspora.TV xəbər verir ki, Rus Mədəniyyət Mərkəzində keçirilən gecənin kuratorları Fransa-Azərbaycan Dialoq Assosiasiyasının vitse-prezidenti Aytən Muradova və Azərbaycanın Əməkdar artisti Əsmər Nərimanbəyova olub.

Müasir ədəbiyyatın və musiqi mədəniyyətinin təbliği məqsədi daşıyan tədbir Azərbaycan-Fransa Dialoq Assosiasiyası və Toğrul Nərimanbəyov Assosiasiyasının təşkilati dəstəyi ilə baş tutub.

Gecədə Qara Qarayevin, Debüssinin, Raxmaninovun, Azərbaycan, fransız və rus musiqisinin digər klassiklərinin yaradıcılığı ilə ahəngdar şəkildə iç-içə olub.

Qeyd edək ki, Ülviyyə Axundova Sorbon I Panteon Universitetinin Beynəlxalq Münasibətlər üzrə magistr dərəcəsi alıb, Rüstəm İbrahimbəyov adına Beynəlxalq Kino Məktəbinin rejissorluq ixtisası üzrə məzunu olub, şair, yazıçı, tərcüməçidir. 2012-2024-cü illərdə Bakıdakı YARAT Müasir İncəsənət Mərkəzində ictimai proqramlar şöbəsinə rəhbərlik edib (kino, teatr, musiqi və ədəbiyyat sahəsində layihələr üzrə).

Ü.Axundovanın ilk şeir və hekayələr toplusu olan “Nəfəs al” 2016-cı ilin dekabrında, ikincisi “Çılpaq həqiqət” isə 2022-ci ildə nəşr olunub, Moskva, Praqa və Budapeştdə təqdimatları olub. Ü.Axundova həm də Baninin iki avtobioqrafik romanı olan “Qafqaz günləri” və “Paris günləri”nin fransız dilindən rus dilinə tərcüməsinin müəllifidir.


Pianoçu Nazxanım Dadaşova isə Mərkəzi Musiqi Məktəbi və Moskva Konservatoriyasının məzunu, bir çox beynəlxalq müsabiqə və festivalların laureatıdır. 2012 və 2014-cü illərdə Parisdə Rubinstein müsabiqəsində iştirak edib. Onun adı Azərbaycanın gənc istedadlarının qızıl kitabına daxil edilib. 2010-cu ildə musiqi sahəsində qazandığı uğurlara görə Prezident təqaüdünə layiq görülüb, 2009-cu ildə Viva Musica müsabiqəsinin qalibi olub. N.Dadaşova həm də Azərbaycanda və Avropada istedadlı gənc sənətçilərin və vokalçıların iştirakı ilə konsertləri uğurla təşkil edir.

P.S. Azərbaycanın tanınmış iki incəsənət xadiminin belə möhtəşəm tədbirinin Azərbaycanın deyil, Rus Mədəniyyət Mərkəzində keçirilməsi də maraqlıdır.

Həsən Hüseynov
Diaspora.TV



Şərhlər

Yaz...