Tarix: 28.08.2024 / 16:03
“Newsweek” Azərbaycanla bağlı elə  etiraflar etdi ki...

“Newsweek” Azərbaycanla bağlı elə etiraflar etdi ki...

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır. Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epsteinın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini) neçə fəth etməlidir) adlı məqaləsində son dərəcə önəmli məqamlar var. Bu məqalə real situasiyanın etirafı baxımından da xüsusi diqqətə layiqdir.

Müəllif yazır ki, Ukrayna müharibəsi uzandıqca uzanır, Yaxın Şərq əvvəlkindən də qeyri-sabitdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, dünya Vaşinqtonun istədiyi şəkildə idarə olunmur.

Məncə, bu, ciddi etirafdır. Vaşinqton əvvəlki kimi dünyada hökm edə bilmir. Onun iradəsindən kənarda ciddi siyasi, iqtisadi və hərbi proseslər baş verir...

İkinci məqama diqqət edək: Müəllif iddia edir ki, son bir neçə ildə kritik əhəmiyyət kəsb edən region Ermənistan və Azərbaycanın timsalında Rusiyadan uzaqlaşaraq Qərbə doğru hərəkət etməyə başlayıb. Bir çoxlarının iddia etdiyindən fərqli olaraq Joseph Epstein deyir ki, təkcə Ermənistan yox, həm də Azərbaycan Qərbə doğru meyllənir...

Məqalədə daha sonra oxuyuruq: “Həm Rusiyanın, həm də İranın arxa bağçası hesab olunan bu bölgə, sonda Çindən Avropaya Moskva və Tehrandan yan keçən ticarət yolunu təmin edə bilər. Belə bir marşrut, yəni Orta Dəhliz də Qərbə Mərkəzi Asiyanın enerji və mineral ehtiyatlarına çıxış imkanı verəcək. Eyni zamanda bu xətt təkcə Rusiya və İrandan deyil, həm də Çindən yan keçəcək”.

Məqalənin davamında bildirilir ki, Azərbaycan və Ermənistanın Azərbaycan ərazisindəki erməni separatçı anklavı olan Dağlıq Qarabağ uğrunda şiddətli etnik müharibəsi başa çatıb. Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan əvvəlki iddialarından əl çəkərək sülhə can atır. 1988-ci ildə başlayan Dağlıq Qarabağ münaqişəsi Cənubi Osetiya, Abxaziya və Dnestryanı kimi postsovet məkanında Rusiya tərəfindən dəstəklənən və separatçıların törətdiyi çoxsaylı münaqişələrdən biridir. Dağlıq Qarabağ münaqişəsində Moskva hər iki tərəflə oynadı, həm Bakıya, həm də İrəvana silah satdı: “Bu, hər iki xalqı Qərblə daha sıx əlaqələr axtarmağa vadar edib. Brüssel Rusiya neftindən və qazından imtina etməyə çalışır, Ermənistan isə Avropaya inteqrasiyaya can atır, Azərbaycan Avropa üçün kritik enerji tərəfdaşına çevrilib”.

Rusiya kimi İran da müttəfiqlərini istismar edir, onların güclənməsinə yox, zəifləməsinə çalışır. İrəvandakı liderlərin İranın rejiminin əlində olan İraq, Suriya, Livan və Yəməndə baş verənləri görürlər. Tehranın artıq Ermənistanda hökumət əleyhinə olan Apostol Kilsəsi ilə sıx əlaqələr yaradıb.

Məqalədəki bu etiraf da son dərəcə maraqlıdır: “Azərbaycan həm Rusiya, həm də İran da daxil olmaqla qonşuları ilə ticarət əlaqələri qursa da, heç vaxt bu ölkələrin heç birindən asılı olmayıb. Ermənistan isə iqtisadi və hərbi baxımdan hələ də Rusiya və İrandan asılıdır. İrəvan üç onillikdən çox hərbi cəhətdən üstün olan Azərbaycanla mübarizə aparmaq üçün öz müstəqilliyini faktiki olaraq qurban verdi”.

Paşinyan ilk dəfə 2018-ci il xalq inqilabından sonra seçiləndən bəri Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışıb. O, Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağına söz verib, ABŞ qüvvələri ilə birgə hərbi təlimlər keçirib, Avropa Birliyinə qoşulacağına eyham vurub və alternativ hərbi tərəfdaşlar axtarıb.

Bütün bunlara baxmayaraq, Rusiya Ermənistanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. Bu ilin əvvəlində Rusiya prezidenti Vladimir Putin Rusiya-Ermənistan ticarətinin keçən il rekord həddə çatdığını bəyan etmişdi. Ermənistan ixracatının təxminən 40 faizi Rusiyanın payına düşür və İrəvan taxıl və enerji kimi əsas strateji mallara görə Moskvadan asılıdır. Məhz buna görə də Ermənistan Qərbə istiqamətini dəyişməyə çalışsa da, o, hələ də sanksiyalardan yayınmada Rusiyanın ən böyük tərəfdaşlarından biri kimi çıxış edir və hətta Rusiyaya qanadlı raketlərdə istifadə olunan, elə buna görə də satışı qadağan olunmuş ABŞ mikroçiplərinin idxalına kömək edir.

Müəllif yazır ki, Ermənistanın İranla münasibətlərinin artması daha da narahatedicidir.

Paşinyan bu yaxınlarda İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib və İranın ali lideri Əli Xamneyi ilə görüşüb. Səfər iki ölkə arasında kəşfiyyat əməkdaşlığı, intiharçı pilotsuz uçan aparatları və Ermənistan torpaqlarında İran bazalarının yaradılmasını əhatə edən 500 milyon dollarlıq gizli silah sazişindən sonra baş verir. Həm Ermənistan, həm də İran belə bir razılaşmanın mövcudluğunu inkar edir.

Ermənistanın Dağlıq Qarabağ bölgəsini Azərbaycana uduzmasından götürdüyü dərslərdən biri odur ki, o, Rusiya ilə olduğu kimi bir təhlükəsizlik qarantoruna arxalana bilməz. Məhz buna görə də son bir neçə ildə İrəvan xüsusilə müdafiə sektorunda sürətli şaxələnməyə nail olub. Ermənistan müdafiə büdcəsini 81 faiz artırıb və Hindistan, Fransa, Yunanıstan, ABŞ və Kiprlə hərbi tərəfdaşlığı genişləndirib.

Buna baxmayaraq, regional ekspertlər Ermənistanın uzun müddət Rusiya silahlarına bağlı qalacağını bildirirlər. Buna görə də İrəvanlı analitik və diplomat David Karapetian Ermənistanın İranla silah müqaviləsinə ehtiyac duyduğunu bildirib.

Məqalədəki növbəti etirafa nəzər salaq: “Qərb Ermənistanı dəstəkləməzdən əvvəl düşünməlidir ki, düşmən gücləri olan Rusiya və İrana bu qədər yaxın olan İrəvanla hərbi razılaşmalar sərmayələrin boş yerə getməsinə səbəb ola bilməzmi? Bunun bariz nümunəsi Ermənistanın qonşusu Gürcüstandır. İllər boyu Gürcüstan Qərbə doğru irəliləməyə çalışdı, lakin sonda yenidən Rusiyanın orbitinə döndü. Bu müddət ərzində ABŞ Gürcüstanla birgə hərbi əməkdaşlığa resurslar ayırdı, kəşfiyyat məlumatlarını onunla paylaşdı və Gürcüstana 6 milyard dollardan çox sərmayə qoydu”.

Bəs bu fikir haqqında nə düşünrsüz? Yazır ki, Co Bayden administrasiyası bölgənin əhəmiyyətini yaxşı başa düşür. Senatın Xarici Əlaqələr Komitəsinin iyulda keçirilən dinləmələrində administrasiya rəsmiləri bildiriblər ki, ABŞ Ermənistan və Azərbaycan üzərindən yeni quru yolu yaratmağı düşünür. Bu isə İrəvana Moskva ilə əlaqələrini kəsməyə kömək etməlidir: “Ermənistanı dəstəkləmək düzgün addım olsa da, ABŞ başa düşməlidir ki, o, həlledici regionda nüfuz uğrunda mübarizə aparan yeganə güc deyil. Rusiya, Türkiyə, İran, Hindistan, Pakistan və Fransa kimi ölkələr istər İrəvana, istərsə də Bakıya böyük sərmayə qoyublar. Amma Ermənistanı və ya Azərbaycanı dəstəkləyən, yaxud ikisi arasında münaqişəyə üstünlük verən Rusiya və İran kimi dövlətlərdən fərqli olaraq, Vaşinqton hər iki ölkəni dəstəkləyərək sülhün bərqərar olmasına kömək etmək mövqeyindən çıxış edir”.

Əlbəttə, müəllifin bu fikri ilə qətiyyən razılaşmaq olmaz. ABŞ Azərbaycana verdiyi hərbi yardımı kəsib, bədnam 907-ci düzəlişi yenidən işə salıb. Belə bir fonda “Vaşinqton hər iki ölkəni dəstəkləyir” fikri yumşaq desək reallığı əks etdirmir.

Buna baxmayaraq bu məqalədə Azərbaycanla bağlı bir sıra həqiqətlər yer alır ki, Qərb həmin həqiqətlərin üstündən adətən sükutla keçir. Məhz bu baxımdan bu məqalə xüsusi diqqətə layiqdir.

Elbəyi Həsənli,
Sürix

Şərhlər

Yaz...