Tarix: 13 İyun 2024 13:14 | Baxış sayı: 366
Dedilər ki, peşman olacaqsan - Danimarkada zavod rəhbəri olan azərbaycanlı

Dedilər ki, peşman olacaqsan- Danimarkada zavod rəhbəri olan azərbaycanlı

Danimarkaya təhsil üçün getdiyində Avropa təhsilli biri kimi Azərbaycana qayıdıb yaxşı bir işə başlamaq planı olur. Lakin universitetin son ilində təcrübə üçün işlədiyi şirkət ona qalmağı təklif edərkən, bu şansı dəyərləndirir. Deyir ki, bir il işləyim, sonra baxarıq. Bir il işləyir, daha yüksək vəzifə təklif edilir, belə-belə davamı gəlir və 15 ildir Danimarkada yaşayır, karyerasını bu ölkədə davam etdirir. Söhbət Danimarkada qlobal mebel istehsalçısı olan “Tvilum” şirkətində baş satınalma kateqoriya meneceri işləyən azərbaycanlı Elçin İbrahimovdan gedir.

Diaspora.TV xəbər verir ki, E.İbrahimov Valyuta.az-ın suallarını cavablandırıb.

- Elçin bəy, müsahibədən öncə söhbət zamanı dediniz ki, mən də şəkiliyəm. Şəkidə böyümüsünüz?

- Ata tərəf şəkili, ana tərəf gəncəlidir. Atamla anam Tibb Universitetində tanış olub evləniblər, amma Bakıda yaşayıblar. Mən də Bakıda həkim ailəsində böyümüşəm.

- Bu gün tamam başqa sahədəsiniz. Bəs uşaq vaxtı həkim olmaq kimi arzunuz var idi?

- Əlbəttə, bacım da həkim olmaq istəyirdi, mənim də cərrah olmaq fikrim var idi. Sonda valideynlərimiz dedi ki, çox çətin peşədir, bəlkə siz başqa sahə seçəsiniz? Elə oldu ki, ikimiz də mühəndislik oxuduq. Mən Qafqaz Universitetinə (indiki Bakı Mühəndislik Universiteti) sənaye mühəndisliyi ixtisasına qəbul oldum. Universitetə qəbul olduğum dövrdə özəl universitetlərə insanlarda güvən az idi, sinif yoldaşlarım Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini seçirdilər. Mən araşdırdım və gördüm ki, Qafqaz daha müasir və yenilikçi universitetdir. İki yer yazdım, ikisi də Qafqaz Universiteti və ikisi də pullu idi. Pulsuza qəbul olmaq və təqaüd almaq üçün yüksək bal yığmalı idim. Əks halda, ailəmin təhsil xərclərimi qarşılamağa pulu yox idi. Çox böyük risk etdim.

- Nə qədər bal topladınız?

- (Gülür) 660 bal topladım, pulsuza qəbul oldum və prezident təqaüdünə düşdüm.

- Bəs niyə həmin təhsilinizi yarımçıq qoyub Danimarkada yenidən bakalavr təhsili almağa getdiniz?

- Bir il oxuyandan sonra o qənaətə gəldim ki, mən tam ürəyim istəyən sahə üzrə təhsil almıram. Daha çoxunu istəyirəm. Növbəti 3 ili də itirmək istəmədim. Birinci kursun ortalarında xaricdə təhsili araşdırmağa başladım. İkinci kursun sonunda artıq istədiyim xaricdə təhsil imkanını qazandım. Bir neçə ölkənin universitetlərindən qəbul almışdım. Seçimim Danimarka oldu və 2009-cu ildə bu ölkəyə getdim.

- Niyə Danimarkanı seçdiniz?

- Mən Avropa ölkələrində təhsili araşdırırdım. Çünki Azərbaycana yaxın ölkələr istəyirdim. İngiltərə, Almaniya, İtaliya və Danimarka universitetlərinə müraciət etmişdim. Hamısından qəbul aldım. Danimarkadakı universiteti seçməyimin bir neçə səbəbi oldu. Biri o idi ki, Danimarka universiteti həm təhsil haqqımı qarşılayırdı, həm də əlavə təqaüd verirdi. Bir səbəb heç bir şərt qoymamaqları idi. Başqa proqramlarda belə idi ki, bitirən kimi geri qayıtmalı idin. Danimarkanı seçməkdə ən böyük məqsədim təhsilin daha praktik olması idi. Digər universitetlər daha reytinqli olsa da, Danimarkadakı təhsilin praktikliyi mənə daha maraqlı gəldi. Nəzəriyyədə öyrəndiyini şirkətdə tətbiq edirsən. Mən də praktikanı sevən insanam.

- Azərbaycandakı təhsili yarımçıq qoyanda, valideynləriniz nə dedi?

- Nəinki valideynlər, bütün nəsil, dost-tanış hamı dedi ki, sən neynirsən? O vaxt bir karikatura yayılmışdı, onu da bir danimarkalı çəkmişdi. O karikaturaya əsasən belə fikir yaranmışdı ki, Danimarkada müsəlmanları sevmirlər. Mənə də deyirdilər ki, müsəlmanları sevməyən ölkədə sənə çətin olacaq və s. İnternetdə araşdırdım, gördüm ki, Danimarkada müsəlmanlar çoxdur və onların şikayəti yoxdur. Bir insan nəsə karikatura hazırlaya bilər, amma bu bütün ölkənin fikri deyildi. Nəslimizdə çox hörmət olunan insanlar dedilər ki, peşman olacaqsan, bunu etməyini istəmirik. Amma mən qərarlı insanam. Qərarlarım da boşuna olmur, müəyyən araşdırma aparıb verirəm. Mən valideynlərimə qarşı getmirdim, sadəcə qərarlarımı izah edirdim, onlar da fikirlərini deyirdilər, amma sonda qərarı özümə buraxırdılar, dəstəkləyirdilər.

- Danimarkada hansı ixtisas üzrə təhsil aldınız?

- Bu dəfə seçimim qlobal istehsal və idarəetmə oldu.

- Dediniz ordakı təhsil praktik idi. Bu cəhətdən yanaşma necədir?

- Bir-ikinci semesterdən artıq şirkətlərdə layihələr hazırlayırdıq. Şirkətlərə bizi dəvət edirdilər, onların biznes həyatında olan problemlərini araşdırıb müəyyən təkliflər irəli sürürdük. Demək olar ki, tələbəsən, hansı təkliflə gələ bilərsən? Amma bəzən olur ki, oturuşmuş bir biznes özünü yenidən innovasiya edə bilmir. Çünki bir otağa otursaq, müəyyən müddətdən sonra otağın mühiti bizi tutur və artıq otaqda olan mühitə uyğun rəftar edirik. “Nokia” haqqında Seymur İlyasovun kitabında “Nokia”nın çökmə səbəblərindən biri olaraq qeyd edilir ki, öz özlərini innovasiya edə bilmədilər. Yeni məhsullar ixrac edirdilər, amma eyni bir istiqamətdə idi. Bəzən biznes özünü yenidən kəşf etməlidir. Bizi də şirkətlərə dəvət etmə səbəbləri fikirlərimiz idi. Düzdür, çox vaxt təkliflərimiz reallaşmırdı, amma bəzən bəyənirdilər, “Qalın, bu fikir üzərində bir az işləyin” deyirdilər.

- Onlar təcrübə məqsədli işlər idi. Bəs nə zamandan artıq pul qazanmağa başladınız?

- Danimarkada bakalavr təhsili 4 yox, 3,5 ildir. Sonuncu bir ili tam şirkətdə işləyə bilərsən. Əslində, yarım ili şirkətdə işləməyə ayırırlar, yarım ilini isə diplom işi yazmağa vaxt verirlər. Sən istəsən, diplom işini həftə sonları yazarsan, bir ili sırf şirkətdə işləyərək də keçirə bilərsən. Bu zaman artıq tam ofisdə maaşlı işçi ola bilirsən. 5-ci semesterin əvvəlindən pul qazanırdım. Sonuncu bir ili isə davamlı işlədim, diplom işimi həftə sonları yazdım. Amma deyim ki, o işi tapmaq bir az çətin oldu.

- Niyə?

- İlk işi tapmaq hər kəs üçün çətindir, mənə isə bir az da çətin oldu. Qrup yoldaşlarım əsasən danimarkalılar idi, ölkədə əlaqələri daha çox idi. Mən isə əcnəbi idim, üstəlik də Danimarkada o qədər də tanınmayan bir ölkədən gəlmişdim. Təxminən 10 il öncədən söhbət gedir. Tanışlıq (networking) sayəsində bir iş tapdım. Bəli, Danimarkada da tanışlıq keçir (Gülür). Elə oldu ki, 1-2 aya yaxşı işlər gördüm və mənə şirkətdə qalmaq təklif edildi. Bütün planlarım puç oldu. Planlarım o idi ki, Avropa təhsilli biri kimi Azərbaycana qayıdıb yaxşı bir işə başlayım.

- Azərbaycana qayıtmaq fikri ilə getmişdiniz?

- Bəli, ailəmə, əsas da anama söz vermişdim ki, qayıdacam. İş təklifi gəldi, düşündüm ki, şansdır, bir il işləyim, sonra baxarıq. Bir il işlədim daha yüksək vəzifə təklif edildi, belə-belə davamı gəldi və qaldım (Gülür).

- İlk iş yeriniz hansı şirkət idi?

- “Ribe Jernindustri” adlı istilik sistemləri istehsalı ilə məşğul olan şirkət idi. Təxminən 100 nəfər işçisi var idi. Böyük olmasa da, maraqlı şirkət idi.

- Dediniz ki, şirkətdə vəzifə irəliləməsi getdi deyə, orda qaldınız. Ordan ayrılanda hansı vəzifədə idiniz?

- Layihə meneceri olaraq başladım, bir il sonra şöbə müdiri oldum, sonra bir neçə şöbənin müdiri oldum. 2 il sonra təchizat zəncirinin müdiri oldum. O şirkətdə 5 il işlədim. Artıq elə səviyyəyə çatmışdım ki, özümü orda inkişaf etdirə bilmirdim. Mənim üçün özünüinkişaf çox vacibdir. Həmin ərəfədə ailə qurdum və Danimarkanın ikinci ən böyük şəhəri Arhusa köçdüm. Əvvəl işlədiyim menecerlərdən birinin “Tvilum”da layihəsi var idi. Orda işçiyə ehtiyac olanda, deyib ki, sizə lazım olan adam Elçindir. Çox maraqlı bir işəgötürmə prosesi oldu. Ancaq CV göndərdim. Dedilər ki, gəl, getdim. Şirkəti gəzdik. İstehsal direktoru dedi ki, gedək şam yeməyi yeyək, söhbət edək. Elə yemək zamanı dedi ki, sən xoşuma gəldin, səni işə götürmək istəyirəm. Dedim ki, şirkət xoşuma gəldi, razıyam. Beləcə bu şirkətdə başladım.

- “Tvilum” necə bir şirkətdir?

- Avropanın çox böyük mebel şirkətlərindən biridir. Şirkətin illik dövriyyəsi 200 milyon avrodur. Tanınmırıq, çünki biz birbaşa müştərilərə satış edən şirkət deyilik. Biz mebel satmaq istəyən mağazalara onların öz brendləri altında istehsal edirik. Brend adı onların olur, sadəcə biz istehsal edirik. İndi deyək ki, hansısa marketin mebel brendi var, amma özünün mebel istehsal edən fabriki yoxdur. O öz brendini başqa şirkətlərə istehsal etdirir. Biz brend olmaq istəmirik, böyük oyunçulara böyük həcmdə mebel istehsal edib satırıq. Həm dizayn, həm istehsal, həm loqistika, hər bir işi görürük.

- Burda hansı vəzifə ilə başladınız?

- Mən əvvəlki şirkətdə layihə meneceri kimi başlayıb təchizat zənciri şöbəsinin müdirliyinə qədər gəlmişdim. Şirkəti dəyişəndə, yenidən layihə meneceri oldum. Vəzifə olaraq aşağıdan başlamağa problem kimi baxmamışam. Mənə gördüyüm işin nədən ibarət olması maraqlı idi, nəinki vəzifə. Sonra satınalmalara keçdim. Sonra bizim fabriklərdən birinə müdir təyin olundum. Sonra satınalmaya geri gəldim.

- Zavod direktorluğundan satınalmaya niyə döndünüz?

- Mənim fabrik rəhbərliyinə gəlməyim də maraqla qarşılanmışdı. Şirkətin mənə inamı, gördüyüm işləri dəyərləndirməsi nəticəsində mənə həvalə edildi. Danimarka şirkətləri işləyirsənsə, sənə çox böyük dəyər verirlər. Şirkətin 5 fabriki var idi. Onların rəhbərləri hamısı danimarkalı və ən az 50 yaşlarında idilər. Həmin mühitdə danimarkalı olmayan, 32 yaşında birini fabrik rəhbəri qoyanda, hamı şok keçirmişdi (Gülür). Fabrikə ayaq basanda, hamıya təəccüblü idi ki, bu kimdir? Bir də satınalmadan gəlmişdim, düşünürdülər ki, istehsalda nə edəcək? Düşünürdülər ki, bir-iki həftəyə gedər.

- Nə qədər müddət zavod direktoru oldunuz?

- (Gülür) 2 il direktor oldum.

- O müddətdə nə etdiniz?

- Təhsilim və ideyalarım çox kömək oldu ki, həmin fabrikdə 2 il ərzində böyük optimallaşdırma etdik. Mən orada başlayanda, 110 işçi ilə 1,5 milyon mebel istehsal edirdiksə, 2 ildən sonra həmin 110 işçi ilə 15-20 faiz daha çox məhsul istehsal etdik. Effektivlik 15-20 faiz artdı. Bu, bizim heç bir fabrikdə olmayan şey idi.

- Buna necə nail oldunuz?

- Fabrikin əksəriyyəti danimarkalı olsa da, ümumilikdə 15-ə yaxın fərqli ölkələrdən işçilər var idi. Mənim də başqa mədəniyyətdən gəlməyim onları daha yaxşı başa düşməyə köməklik edirdi. Bir də mən işçiyə dəyər verməyin tərəfdarı olan insanam. Düşünürəm ki, insandır, səhər gəlir, axşam gedir, eyni işi görür. Ona nə lazımdır? Kimsə kürəyindən vurub desin ki, əla iş görürsən. Bir az motivasiya versin. Hər birimizin istədiyi budur. Şirkətdəki ən yüksək səviyyədə olan adamın da bu ehtiyacı var. Boşuna tərifdən söhbət getmir, çəkdikləri zəhməti dəyərləndirsən, enerji vermiş olursan. Mən texniki tərəfdən güclü olmaya bilərdim, amma idarəetməyə daha çox fokuslanırdım. Çünki şirkətdə texniki cəhətdən güclü mütəxəssislər var idi, həmin işlər üçün onları irəli çəkirdim.

- Bəs zavod direktorluğundan niyə ayrıldınız?

- Mən zavod rəhbərliyinə gələndə, məqsəd olaraq qarşıma istehsalı artırmaq qoyulmuşdu. Biz onu etdik. Çünki biz böyük həcmdə müştəri üçün məhsul istehsal edirdik. Elə oldu ki, Ukraynada müharibə başlayandan sonra qlobal iqtisadiyyat kiçilməyə başladı. Bizim şirkət qlobal iqtisadiyyatdan asılı şirkətdir. İstehsal etdiyimiz məhsulların 98 faizi ölkə xaricinə gedir. Danimarka bizim üçün kiçik bazardır. Qlobal iqtisadiyyat kiçildiyi üçün bizim müqavilələrdən dayananları oldu. Yəni fabrik kiçilməli idi. Mənim ambisiyalarım fabriki daha da böyütmək idi, kiçiltmək yox. Qərara gəldik ki, mənim ordakı missiyam sona çatıb, mən şirkətə daha çox xeyir verə biləcəyim başqa vəzifəyə gedim.

Mənim işləmə metodum odur ki, harda işləyirəmsə, davamçılarım olmalıdır. Mənə görə menecerin davamçısı yoxdursa, güclü menecer deyil. Mən buna bir imperiya kimi baxıram. Çox imperiyalar nəyə görə dağılır? Çünki imperatorun davamçısı olmur. Bu, biznesdə vacib məqamdır. Bunu həm də işlədiyin yerə hörmət olaraq etməlisən ki, sən getdiyində işlər olduğu yerdən davam edə bilsin. Zavoddan ayrılanda 2 davamçım var idi. Bir şəxs mənim yerimə gəldi, digərini isə başqa bir fabrikə direktor qoyduq. İkisi də danimarkalı 40-50 yaş üstü insanlar idi.

- Özünüzdən böyük olub.

- Komandamda hamı məndən böyük idi. Ortalama yaş 50 idi.

- Satınalmada sizə ehtiyac olduğunu dediniz. Orda nə etməli idiniz?

- Mənim əvvəl işlədiyim menecerlərdən biri satınalmanın rəhbəri oldu. O da özü üçün komanda qururdu. Dedi ki, səni geri dəvət etmək istəyirəm. Dedi ki, bu sənin üçün karyera düşüşü kimi görünə bilir, rəhbərlikdən bura gəlirsən, amma mənim sənə ehtiyacım var. Mənim məqsədim vəzifə olmadığı üçün təklifi qəbul etdim. Faydam nə oldu? 2022-də müharibə oldu, bütün xammal məhsullarının qiyməti qalxdı. Çünki bütün istehsalçılar müharibədən qorxuduğu üçün daha çox xammal ehtiyatı almağa çalışırdı. Bizim aldığımız məhsullar 50-100 faiz bahalaşmışdı. Şirkətlər o qiymət səviyyəsi ilə çox davam edə bilmir. Mənim üçün önəmli olan daha uyğun qiymətlərlə xammal tapmaq idi. Biz bu iş üzərində intensiv olaraq çalışdıq. Eyni məhsulun daha aşağı qiymətə olan variantlarını araşdırdıq və onları tapıb tenderimizə cəlb etdik. Mən əvvəl satınalmada olmuşdum, əlaqələrim var idi.

- Bunu niyə sizdən öncə etmirdilər?

- (Gülür) Qlobal istehsalçısınızsa, istifadə etdiyiniz xammalı dəyişmək qərarı vermək elə də asan deyil. Hər gün 1 ton məhsul aldıqları şirkəti o qədər asan dəyişə bilmirlər. Çünki spesifik məhsuldur. Mən satınalma kateqoriya meneceri kimi əgər başqa şirkətləri tanımıramsa, başqa şirkətlərdən oxşar məhsulu almağa cəsarətim çatmırsa, test edib onu qəbul etdirə bilmirəmsə, təbii ki bahanı almağa davam edirsən. O dəyişikliyi etmək üçün şirkətdə sənə inam olmalı və sən bunu bacaracaq biri olmalısan.

- Danimarka şirkətlərindən danışaq. Necə bir iş mühitindəsiniz?

- Danimarka şirkətləri özlərinin çox da bürokratik olmayan idarəetmə sistemi ilə məşhurdurlar. O deməkdir ki, ən aşağı səviyyədə işləyən işçi ilə ən yuxarı direktor arasında kiçik bir məsafə var. Direktor gəlib səndən soruşa bilər ki, işlərin necə gedir? Yaxud sən direktorla gedib söhbət edə bilərsən. Nə olsun ki, o milyonerdir? O da mənim kimi insandır.

- Bəs danimarkalıların işə yanaşmaları necədir?

- Normalda danimarkalılar işə tez – saat 7, bəzən 8-də başlayırlar. Günortadan sonra 3-4-də çantalarını yığıb gedirlər. İşgüzarlar da çoxdur. Onlardan biri mənim indiki müdirimdir. 7-yə qalmış gəlir, 5-6-da gedə bilir. Gedir evdə də işləyir. Həftə sonu da işləyir. Mənim tamam başqa prinsiplərim var, işləyənəm, amma evdə işləmirəm. Həftə sonları heç işləmirəm. 5-ci gün Danimarkada qısa iş günüdür. Həftədə 37 saat işləyirik. 37-dən çox işləyirəm, amma 60-70 saat işlədiyimi də deməzdim.

- Danimarkada öz biznesinizi qurmaq cəhdiniz olub?

- Fikirlər olub, amma hələ ki istəmirəm. Öz biznesini quranda, səhər-axşam onun haqqında düşünürsən. Mənim üçün iş vacibdir, amma ailə həyatım ondan da vacibdir. İşdən sonra və həftə sonumu ailəmlə, uşaqlarımla keçirmək istəyirəm. Eyni zamanda, öz biznesində hər işi görürsən. Mənim məşğul olmaq istədiyim sahə idarəetmə və istehsaldır.

- Azərbaycandan Danimarkaya gəlmək istəyənlər hansı sahələrə baxmalıdırlar? Hansı istiqamətdə imkanlar var?

- Danimarkada bir neçə sahə var ki, çox inkişaf edib və gələcək üçün çox potensiallı istiqamətlərdir. Biri bərpa olunan enerjidir. 70-80-ci illərdə neft böhranından sonra qiymətlər həddindən artıq artanda, Danimarka görür ki, təbii resursları yoxdur, xarici faktorlardan asılı vəziyyətə düşür. Dövlət belə qərar verir ki, bərpa olunan enerjiyə investisiya etsinlər. 10 illiklərlə sərmayə buraxılır. Nəticədə 2000-ci illərdə bir neçə Danimarka şirkəti bərpa olunan enerji sahəsində çox böyük biznes qurur, əsasən də külək enerjisi üzərindən. Bu sahə böyükdür, həm quruda, həm də dənizdə işlər var. Bu sahənin mütəxəssisləri Danimarkaya gələ bilərlər, yaxud elə bu sahədə təhsil üçün də gələ bilərlər. İkinci sahə tibbi deyərdim. Danimarka bu sahədə də tanınır. Məsələn, “Novo Nordisk” insulin istehsal edən şirkətdir, bütün dünyada tanınır. Onların çox geniş yayılan ikinci məhsulları “Ozempic” var, insanı arıqladır. Heç bir zərəri olmayan dərmandır, içirsən, səni arıqladır. O şirkət o qədər böyükdür ki, Danimarka iqtisadiyyatını ölçəndə, Danimarkanın ümumdaxili məhsulu və “Novo Nordisk”in ordakı payını bir-birindən ayrı tuturlar. Bu şirkətin market dəyəri Danimarkanın ÜDM-dən 1,5 dəfə çoxdur, Azərbaycanın ÜDM-dən isə 8 dəfə çoxdur. Bundan başqa, nəqliyyat, texnoloji sahədə də şirkətlər çoxdur.

Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

“Azərbaycan dili” -    25-ci dərs
Diaspor, Dərs saatı, Video Qalereya

“Azərbaycan dili” - 25-ci dərs