Tarix: 06.08.2024 / 09:38
Nazirliyə 2 müraciətim cavabsız qalıb  - Diaspor fəalı

Nazirliyə 2 müraciətim cavabsız qalıb - Diaspor fəalı

“Diaspor fəali kimi bu günə qədər bir cox irimiqyasli tədbirlər həyata keçirmişik. Əlbəttə ki, fikrim bunları sadalamaq deyil, sayını, effektini, nəticəsini artırmaqdır”.

Bu sözləri Diaspora TV-yə açıqlamasında Heydər Əliyev adına Boks Komitəsinin rəhbəri, Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin üzvü Yaşar Niftəliyev deyib.

Y.Nİftəliyevin sözlərinə görə, layihələr çoxdur və onları həyata keçirmək üçün əlindən gələni edir:

“Məsələn, lobbiçilik fəaliyyətini artırmaq, Almaniyada yaşayan gənclərimizi yerli partiyalara yerləşdirmək, başqa ölkələrin idmançıları ilə əlaqələrin yaradılmasını yüksək səviyyədə təmin etmək, uşaqlarımızı Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təsis olunmuş həftəsonu məktəblərinə cəlb edərək vətənpərvər ruhda böyüməsinə şərait yaratmaqdır. Artıq dünyanın demək olar ki, bütün ölkələrində əksər gənclərimiz ali məktəb və peşə ixtisaslarına sahibdirlər. Bunlarla sıx əlaqə qurmaq faydalı olar”.

Diaspor fəalı qeyd edib ki, onlara Diasporla İş üzrə Dövlət Komitəsindən başqa heç bir qurum dəstək göstərmir:

“Bizim təşkilatlar təbliğat üsullarından biri olan idman və mədəniyyət sahələrində güclü fəaliyyət göstərir. Məsələn, biz 2007-ci ildə LBN Boks Klubunu təsis etdik. Bu klubun Azərbaycanın tanıdılmasında böyük rolu oldu. Klubumuz nüfuzunu artıraraq 2012-ci ilin may ayında WBCA (WORLD BOXING COMMITTEE H. ALIYEV) Heydər Əliyev adına Dünya Boks Komitəsinə çevirildi. 2012-ci ildən tək Almaniyada yox, dünyada fəaliyyət göstərməyə başladı. Təşkilatın tərkibində Dünya kəmərləri təsis olundu. Azərbaycan idmançıları ilə yanaşı əcnəbi idmançılar Ulu öndərin adını daşıyan ali mükafat uğrunda mübarizə apararaq dünya beynəlxalq kəmərlərin çempionu oldular. Bizim böyük şansımız var ki, Ulu öndərin adını daşıyan təşkilatın fəaliyyətini gücləndirərək təsis olunmuş kəmərləri dünyanın nüfuzlu boksçularını cəlb edək və bu kəmərləri dünyaya yayaraq əbədiləşdirək. Yəni bu kəmərlər dünyada əbədi olaraq əsrlər boyu qalacaq".

Y.Niftəliyev qeyd edib ki, Gənclər və İdman Nazirliyinə 2 dəfə rəsmi müraciətləri cavabsız qalıb:

“Diasporla İş üzrə Dövlət Komitəsi hər ilin may ayında bizə dəstək göstərir və Ulu öndərin doğum günündə bu kəmərləri geniş miqyasda təbliğ edirik. Təşkilatımız 12 ildir fəaliyyət göstərərək 2023-cü ilin sentyabr ayında dünyanın “BoxRec” sıralarına daxil olub”.

Xəyalə Zöhrab
Diaspora.TV


Şərhlər

Yaz...