Tarix: 20.04.2024 / 15:17
 Nazir Nyu-Yorkda azərbaycanlı gənclərlə görüşdü   - FOTO

Nazir Nyu-Yorkda azərbaycanlı gənclərlə görüşdü - FOTO

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Nyu-York şəhərində (ABŞ) azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü təşkil edib.

Diaspora.TV ASAP-a istinadən xəbər verir ki, Azərbaycanın gənclər və idman naziri Fərid Qaibov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev altı ştatdan 50-yə yaxın gəncin iştirak etdiyi şam yeməyində azərbaycanlı gənclərlə görüşüb.

Gənclərin cəmiyyətin hərəkətverici qüvvəsi olduğunu qeyd edən Fərid Qayıbov bildirib ki, təkcə Azərbaycanda deyil, dünyanın hər yerində yaşayan azərbaycanlı gənclərə diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib.

Nazir bildirib ki, Azərbaycanı ABŞ-da yüksək səviyyədə təmsil edən, üçrəngli bayrağımızı beynəlxalq arenada dalğalandıran gənclərin uğurlarını yaxından izləyir.

Ülvi Mehdiyev gənclərlə iş sahəsində innovativ yanaşmanın əhəmiyyətindən və sosial innovasiyalarda gənclərin innovativ ideyalarının stimullaşdırılmasına yönəlmiş fəaliyyətlərin əhəmiyyətindən danışıb.

Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) sədri Rafael Hacıbəyli ölkəmizi ABŞ-da təmsil edən azərbaycanlı gənclərin inkişafı, gənclər siyasətinə dövlət dəstəyi istiqamətində görülən işlər barədə fikirlərini bölüşüb.

Şəbəkələşmə görüşü zamanı iştirakçılar bir-biri ilə tanış olmaq və təcrübə mübadiləsi aparmaq imkanı əldə ediblər.

Gənclərin nümayəndələri Prezident İlham Əliyevin gənclər siyasətindən danışıblar.

Görüşdə həmçinin gənclərin təlim zamanı qarşılaşdıqları çətinliklərdən danışılıb, ASAP tərəfindən həyata keçirilən layihələr müzakirə edilib, gənclərin təklifləri dinlənilib.

İştirakçılara Gənclər və İdman Nazirliyinin, eləcə də Gənclər Fondunun yaratdığı imkanlar barədə məlumat verilib.


Şərhlər

Yaz...