Tarix: 08.05.2024 / 16:33
Nasist düşərgəsində  azərbaycanlı əsirlər

Nasist düşərgəsində azərbaycanlı əsirlər

Almaniyadakı Daxau əsir düşərgəsində İkinci Dünya müharibəsi zamanı burada saxlanılmış Azərbaycandan olan əsirlərin xatirəsinə lövhə açılıb.

Diaspora.TV xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə hazırlanan xatirə lövhəsi Azərbaycan və alman dillərində hazırlanıb və Daxau Memorial Kompleksinin xatirə zalında yerləşdirilib.

Xatırladaq ki, 1933-cü ildə yaradılmış Daxau əsir düşərgəsi Almaniyada yaradılan ilk əsir düşərgəsi olub. Bu düşərgədə nasist rejim ilk illərdə öz siyasi rəqiblərini saxlasa da, İkinci Dünya müharibəsi başladıqdan sonra 25 min sovet əsgəri və mülki vətəndaşı bu düşərgəyə gətirilərək burada müxtəlif işgəncələrə məruz qoyulub, bir çoxları da qətlə yetirilib.

Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Daxau arxivlərində aparılmış araşdırmalar nəticəsində Azərbaycan əsilli əsgərlərin də burada saxlanıldığı məlum olub, onların adları, doğum tarixləri və yerləri müəyyənləşdirilib.

Xatirə lövhəsinin açılışı münasibətlə keçirilən mərasimdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək Azərbaycanın faşizm üzərindəki qələbənin əldə olunmasına verdiyi böyük töhfələrdən danışıb. O, 700 min azərbaycanlının ön cəbhədə faşizmə qarşı döyüşdüyünü, onlardan 300 mininin həlak olduğunu qeyd edib.

Səfir sovet ordusunun istifadə etdiyi benzinin 80%-nin, sürtgü yağlarının isə 90%-nin Azərbaycan neftçiləri tərəfindən istehsal edildiyini, bu faktın özünün qələbənin qazanılmasında həlledici rol oynadığını bildirib.



Şərhlər

Yaz...