Tarix: 28.10.2024 / 09:24
Gürcüstanda əsl mübarizə indi başlayır  - Azərbaycanlı namizəd

Gürcüstanda əsl mübarizə indi başlayır - Azərbaycanlı namizəd

"Birlik-Milli Hərəkat" koalisiyasının parlament namizədi Ceyhun Məhəmmədəli 26 oktyabr tarixində baş tutan parlament seçkilərini ciddi tənqid edib.

Diaspora.TV xəbər verir ki, o, sosial media hesabında qeyd edib ki, seçkilər ciddi təzyiq altında keçirilib.

"Gürcüstanda parlament seçkiləri baş tutmadı! Dünən "Gürcü Arzusu" sadəcə olaraq xalqın səslərini özlərinə uyğun şəkildə öz xeyrinə yazdı və bunula da ölkədə seçki saxtakarlığının yeni rekorduna imza atdı! Başqalarının şəxsiyyət vəsiqəsi ilə dəfələrlə səs vermələr, 15, 20 ,30 və 50 lariyə səsləri almalar, insanları biznesləri ilə hədələməklə səs verdirmələr, məntəqələrdə məmurların və naməlum xuliqanların müxalifət nümayəndələrini, media nümayəndələrini və müşahidəçiləri döyüb al-qana boyamaları, səsləri qutuya qalaqla doldurmaqlar, seçicilərin kütləvi şəkildə şəxsiyyət vəsiqələrinin məmurlar tərəfindən toplanılması, məntəqələrdə naməlum şəxslərin nəzarətləri, kriminal aləmin seçicilərə təzyiqləri və daha nələr, bütün bunların fonunda demokratik seçkilər necə baş tuta bilərdi? Məhz buna görə də ölkədə keçən seçkiləri müxalifət tanımır və tanımayacaq da. Əsl mübarizə indi başlayır, ümidsizlik vaxtı deyil, tərəzidə ölkənin taleyi durur", - deyə C. Məhəmmədəli bildirib.

Qeyd edək ki, MSK tərəfindən açıqlanan rəsmi nəticələrə görə, 26 oktyabr tarixində keçirilən Parlament seçkilərində “Gürcü Arzusu” 53.92% səslə qalib gəlib. Parlamentə mandat qazanan digər müxalifət partiyaları isə seçkilərin nəticələrini tanımadıqlarını bəyan ediblər.




Şərhlər

Yaz...