Tarix: 23.05.2024 / 08:10
Musiqi ilə Azərbaycanı Londonda tanıdan cütlük   - Foto

Musiqi ilə Azərbaycanı Londonda tanıdan cütlük - Foto

“Azərbaycan dövlətini, millətini dünyada tanıtmaq hər bir azərbaycanlının borcudur”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Londonda yaşayan musiqiçi soydaşımız Səadət Fərziyeva deyib.

Ailəsi ilə birlikdə 9 ilə yaxındır Böyük Britaniyanın London şəhərində yaşadığını bildirən S.Fərziyeva həyat yoldaşı ilə birgə professional musiqi ilə məşğul olduqlarını bildirib.

“Mən fortepiano, həyat yoldaşım Rasim Fərziyev isə kamança və skripka müəllimi kimi fəaliyyət göstəririk. Burada yaşadığımız müddətdə bir çox tədbirlərə qatılaraq Azərbaycan musiqisini xarici ictimaiyyət qarşısında təbliğ etməyə çalışmışıq. Həyat yoldaşım skripka və kamança alətində Azərbaycan xalq mahnılarını, muğamları, rəqsləri, həmçinin xarici və tanınmış Azərbaycan bəstəkarlarının əsərlərini sevə-sevə ifa edib. Bundan başqa, kamança alətinə böyük maraq oyadaraq dəfələrlə bu alətin tarixi, yaranması haqqında xarici vətəndaşlara da məlumat verib”, - deyə S.Fərziyeva bildirib.

Soydaşımız qeyd edib ki, 44 günlük Vətən savaşında əldə olunan qələbə, Azərbaycanımızı bütün dünyaya tanıtdı:

“Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Böyük Britaniyada “Qarabağ” onlayn məktəbi yaradılıb. Məktəbdə Azərbaycan dili, tarix, rəsm dərsləri ilə yanaşı, musiqi dərsləri də öyrədilir. Məktəb yaranan gündən indiyədək musiqi rəhbərləri olaraq biz böyük həvəslə çalışırıq. Əsas məqsədimiz uşaqlara vətənlərini tanıtmaq, dillərini inkişaf etdirmək və azərbaycanlı olduqlarını unutdurmamaqdır. Yaratdığımız “Muzlogopedika” adlı xüsusi proqram isə millətindən asılı olmayaraq ingilis dilli uşaqların Azərbaycan dilində olan sözləri düzgün tələffüz, musiqinin ritm, temp tərəflərini daha da dərindən inkişaf etməsinə yardım edir. Şeirlərlə, mahnılarla dilimizi öyrənən balaca uşaqlar günü-gündən daha da inkişaf edir, müəllim və valideynlərini sevindirirlər. Musiqi rəhbərləri kimi bu bizə motivasiya verir, yeni-yeni ideyaların yaranmasına səbəb olur. Bu ideyaların hər biri ilk növbədə vətənpərvərlik və Azərbaycan xalqının mədəniyyətini, dilini, adət-ənənələrini dünyada tanıtmaq məqsədi daşıyır. Arzumuz ondan ibarətdir ki, məktəbimizdə onlayn dərslərlə yanaşı, həftədə bir dəfə oflayn dərslər də keçirilsin. Bunun üçün vəsait ayrılmalı və dərslərin üzbəüz keçirilməsi üçün şərait yaradılmalıdır. Əsas problərimizdən biri budur”.

S.Fərziyeva qeyd edib ki, xalqımızı, millətimizi, dilimizi dünyada tanıtmaq üçün ilk növbədə mədəniyyətimizi hərtərəfli və yüksək səviyyədə tanıtmağa çalışmalıyıq:

“Mədəniyyətini sevdirən millət hər zaman və hər yerdə böyük hörmətlə qarşılanacaq və alqışlanacaq. “Güc birlikdədir!”, “Bizim silahımız - bizim mədəniyyətimizdir!”.

Həsən Hüseynov
Diaspora.TV


Şərhlər

Yaz...