Tarix: 14.08.2024 / 15:10
Münaqişələrdə taleyin ümidinə buraxılan  azərbaycanlılar...

Münaqişələrdə taleyin ümidinə buraxılan azərbaycanlılar...

“Azərbaycanda dini təbliğat çox ağrılı sahələrədn biridir. Çünki sovetlər birliyi dağıldıqdan sonra ən müxtəlif ideoloji cərəyanlar kimi dini cərəyanalar da Azərbaycana idxal olunmağa başladı. Nəticədə sovetlər dağılanadək Azərbaycandakı ənənəvi dini təriqətlər və məzhəblə yanaşı, digər təriqətlər idxal edildi. Çox təəssüf ki, bu cür dini cərəyanların ölkəyə idxalı İslamın əsas mahiyyətini, dəyərlərini cəmiyyətə çatdırmaq əvəzinə biz bu ad altında tamamilə başqa fəaliyyətlərin şahidi olmağa başladıq”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında siyasi şərhçi Mürtəza Bünyadlı deyib. O vurğulayıb ki, din adı altında təmsil etdikləri ölkələrin, xüsusən də xüsusi xidmət orqanlarının maraqlarına xidmət edən qruplar yaradaraq təşkilatlanmağa başladılar:

“Onlar eyni zamanda təmsil olunduqları ölkələrin məişət adət-ənənlərini belə islam adı altında Azərbaycan cəmiyyətinə sırımağa başladılar. Bu da zaman keçdikcə öz xoşgəlməz və acı nəticələrini verməyə başladı. Biz bir çox hallarda bu təşkilatlara cəlb olunan gənclərimizin Yaxın Şərqdə, xüsusən Suriya və Əfqanıstandakı müharibələrə belə cəlb olunduqlarının şahidi olduq. Bir çoxları aldadılaraq ailələri, övladları ilə birlikdə aparıldılar. Bu sahədə olan boşluq nəticəsində indi bunun acısını Azərbaycan dövləti çəkməkdədir. Belə ki, Yaxın Şərqdəki münaqişələrdə taleyin ümidinə buraxılmış xeyli sayda azərbaycanlıların ailələri, övladları qalıb. Bir çoxlarının taleyindən xəbər yoxdur. Taleyin ümidinə buraxılan bu insanlar sonda nicat yeri kimi Azərbaycan dövlətinə müraciət edib ölkəyə qayıtmaq istəyirlər. Azərbaycan dövləti də onların ölkəyə gətirilməsi üçün səylər göstərir və indiyədək Suriya və İradan neçə belə ailələr gətirilib”.



Siyasi şərhçi daha sonra əlavə edib ki, bu təkcə İslam dini ilə bağlı deyil, eyni zamanda bir zamanlar ölkədə yaranmış boşluqdan istifadə edən qeyri-islamı dini cərəyanların da ölkədə qruplar və təşkilatları yaranıb:

“Hətta həmin qeyri-islami dini cərəyanların öz sıralarına cəlb etdikləri Azərbaycan vətəndaşlarını müharibəyə, hərbi xidmətə getməkdən yayındırmaq istiqamətindəki fəaliyyətlərinin də şahidi olmuşuq. Həmin qeyri-islami dini cərəyanlar Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı zamanlarda düşmənə qarşı döyüşməməyi təbliğ edirdilər. Təbii ki, dövlət gücləndikcə digər sahələrdə olduğu kimi dini sahədə də baş verən bu təhlükə və təhdidlərin aradan qaldırılması istiqamətində ciddi fəaliyyət göstərməkdədir. Çünki din adı altında fəaliyyət göstərən bu qruplar və təşkilatlar Azərbaycan dövlətçiliyinə təhdid və təhlükə yaradırdılar. İstər islam, istərsə də qeyri-islami dini cərəyanların əsas hədəfi təmsil olunduğu ölkələrin marağını, hətta lazım olanda iğtişaş yaratmaqla təmin etmək olub. Hətta terror vasitələrinə əl atmaqla belə bu niyyətlərini reallaşdırmaq istəyiblər. Dəfələrlə belə cəhdlər olub və xeyli sayda faktlar olub. Amma xoşbəxtlikdə onların fəaliyyəti ölkədə ciddi fəsadlara səbəb olmadan mövcud təhlükələr aradan qaldırılıb”.

M.Bünyadlı qeyd edib ki, zaman keçdikcə bu sahədəki boşluqlar tədricən aradan qaldırılmağa başladı və proses bu gün də davam etməkdədir:

“Lakin bütün görülən işlərə baxmayaraq, bu sahədə müəyyən çatışmazlıqlar hələ də mövcuddur. Çatışmazlıqların bir qismi də dövlət ideologiyasının olmaması və kadr çatışmazlığı ilə bağlıdır. Din sahəsində olan molla və axundların da çoxu yetəri səviyyədə bilik və savada malik deyil. Hətta bir zamanlar orta məktəblərdə belə dinin tədrisi məsələsi qaldırıldı, lakin kadr çatışmazlığının olmamasından bu ideya reallaşdırılmadı. Amma ən azından digər ölkələrin praktikasından istifadə etməklə böyük şəhərlərdə dini maarifləndirmə dövlətin əsas prioritetlərindən biri olmalıdır. Bu sahədə davamlı fəaliyyət göstərilməlidir ki, gələcəkdə xoşagəlməz hallar ortaya çıxmasın”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...