Tarix: 29.07.2024 / 09:57
Müharibədən qaçan 135 min rus  Argentina və Brazilyaya sığınıb

Müharibədən qaçan 135 min rus Argentina və Brazilyaya sığınıb

“The Wall Street Journal” yazır ki, Argentina və Braziliya Ukraynanın genişmiqyaslı işğalından sonra Rusiya mühacirəti üçün ən populyar istiqamətlərə çevrilib. Ümumilikdə, müharibə başlayandan 135 mindən çox Rusiya vətəndaşı bu Latın Amerikası ölkələrinə köçüb. Miqrasiya orqanlarının məlumatlarına görə, Argentina təxminən 75 min rus miqrant qəbul edib.

Ruslar Buenos Ayresdə, əsasən dəbli restoranları ilə məşhur olan Palermo və Belqranonun ərazilərində məskunlaşmağa üstünlük verirlər. Yeni sakinlər rusdillilər üçün gözəllik salonları, barlar, kafelər, uşaq bağçaları və kiçik teatrlar açır. Argentinanın paytaxtında çoxlu “rəqəmsal miqrantlar” da var - Digital Nomad vizası 180 gün müddətində etibarlıdır, yenilənərək uzadıla bilir. Uzaqdan, müntəzəm ödənişlə səfərini sənədləşdirə bilən hər bir əcnəbi onu əldə edə bilər. Minimum əmək haqqı tələbləri yoxdur.

Aregntina tarixində ilk dəfədir hamilə ruslar bu ölkəyə kütləvi axın edir. Çünki ölkə yeni doğulmuş körpələrə dərhal vətəndaşlıq verir, həmçnin onların valideynlərinə müvəqqəti yaşamaq və işləmək icazəsi verilir.

Bununla belə, Argentinada kök salmaq onun uzun maliyyə böhranı və hazırkı iqtisadi böhran tarixini nəzərə alsaq, o qədər də asan deyil. Ölkə hazırda dünyada ən yüksək göstəricilərdən biri olan 272% illik inflyasiya və 56%-ə çatan yoxsulluq səviyyəsi ilə mübarizə aparır.

60 min rusun Braziliyaya köçdüyü bildirilir. Onların əksəriyyəti Santa Katarina adasının qərb sahilində yerləşən 500 min nəfər əhalisi olan Florianopolis şəhərini seçib. Beynəlxalq immiqrasiya konsaltinq firması Hayman-Vudvordun rəsmi məlumatlara əsaslanaraq hesablamalarına görə, Ukrayna ilə müharibə dövrü ərzində ruslar ölkə iqtisadiyyatına, əsasən daşınmaz əmlaka 300 milyon dollardan çox sərmayə qoyublar.

Yeni gələn sakinlər deyirlər ki, onları şəhərin Sao Paulo və Rio-de-Janeyro ilə müqayisədə daha soyuq iqlimi və aşağı cinayət nisbəti cəlb edir. Ötən əsrin iki dünya müharibəsindən sonra Almaniyadan köçən çoxsaylı rus yəhudilərinin və Almaniyadan gələn mühacirlərin nəsilləri artıq Braziliyanın cənub ştatlarında yaşayırlar. Hayman-Vudvordun baş icraçı direktoru Leonardo Freitas, gələnlərin əksəriyyətinin qışın tam sürətlə getdiyi Braziliyanın cənubunu niyə seçdiyini izah edərək, "Onlar gəldikləri yerlə bəzi oxşarlıqları olan bir yer axtarırlar" deyir.

Braziliya yeni valideynlərə də müavinətlər təqdim edir, immiqrantlara ölkədə uşaq doğulduqdan sonra vətəndaşlıq üçün müraciət etməyə icazə verir. Həm bu ölkənin, həm də Argentinanın pasportu Avropa Birliyinə sərbəst səyahət etmək imkanı verir, Rusiya sənədi ilə isə aviasiya sənayesinə qarşı sanksiyalar, viza tələblərinin sərtləşdirilməsi və digər məhdudiyyətlər səbəbindən Avropaya getmək çox çətinləşib.

Bundan əlavə, həm Braziliya, həm də Argentina cinsi azlıqların nümayəndələrini qarşılayır. Argentina eynicinsli nikahları tanıyan ilk Latın Amerikası ölkəsidir. Rusiyada belə insanlara qarşı düşünülmüş ayrı-seçkilik siyasəti var. Bu məqsədlə qondarma “LGBT təbliğatı”nı qadağan edən xüsusi qanun qəbul edilib və daha sonra Ali Məhkəmə mövcud olmayan beynəlxalq LGBT hərəkatını ekstremist elan edib.

Diaspora.TV

Şərhlər

Yaz...