1929-1936-cı illərdə mühacirətdə fəaliyyət göstərən Azərbaycan Milli Nəşriyyatı silsiləsindən yeddi açıqca nəşr olunub. İlk açıqca 1929-cu ildə İstanbulda “Alaeddin” mətbəəsində çıxarılan və “Milli Azerbaycan Arması” adlanan gerbimizin təsviridir. Görünür, Cümhuriyyət dövründə təsdiq edilən, lakin rəsmi şəkildə qəbuluna fürsət olmayan gerbimizin tanıtımı gərəkli hesab olunub. Bu gerb Məhəmmədəmin Rəsulzadənin baş redaktorluğu ilə İstanbulda nəşr olunan “Odlu yurd” jurnalının 28 may 1930-cu il tarixli 16-cı sayının qapağında da yer alıb.
1933-1934-cü illərdə İstanbulda çıxan 4 görkəmli ictimai-ədəbi xadimə aid açıqcaların tanıtımı isə bu şəkildə verilib: “Azerbaycan Ediplerine Aid Kartpostallar. Abbaskulu Ağa Kutsi, Feridun Bey Köçerli, Hasan Bey Zerdabi, Mirza Kazım Bey”. Bu dörd açıqcanın orijinalları şəxsi arxivimizdə yer almaqdadır.
1935 və 1936-cı illərdə İstanbulda çıxan iki açıqca isə “Azerbaycan Haritası” adlanmaqdadır.
Açıqcalardan gerb və xəritənin (1936-da çıxan) surəti bizə bəllidir. İndi isə bu açıqcalar barədə bir daha geniş bəhs edək.
Azərbaycan gerbi
Azərbaycan Cümhuriyyəti döründə Nazirlər Şurasının 30 yanvar 1920-ci ildə verdiyi qərara görə, milli himnin, dövlət gerbi və möhürünün layihələrinin hazırlanması ilə bağlı müsabiqə keçirilməsi Xalq Maarif Nazirliyinə həvalə edilib.
Bu qərarı əsas tutan müvafiq nazirlik 1920-ci ilin fevralın 19-da “Azərbaycan” qəzetində dövlət gerbi və möhürünün təsvirinin, eləcə də milli himninin mətninin layihələrinin hazırlanması barədə müsabiqə elan edib.
Müsabiqədə ən yaxşı milli himnin mətni və müsiqisi üçün 50 min rubl, gerb və möhürün ən yaxşı təsvirinə görə isə 25 min rubl mükafat təyin olunub. Layihələr Xalq Maarif Nazirliyinə 1920-ci il mayın 1-dək təqdim edilməli, istiqlalın ikinci ildönümünədək (28.05.1920) təsdiq olunmalı idi.
Lakin təəssüf ki, 27 aprel işğalı bu faktın həyata keçməsinə imkan verməyib. Gerblə bağlı müsabiqənin qalibi abxaz knyazları nəslindən Aleksandr Şervaşidze (1867-1968) olub. Rəssamın çəkdiyi gerbin orijinal təsvirini azərbaycanlı mühacirlər Türkiyəyə aparıblar. Hazırda həmin gerbin orijinalı şəxsi arxivimizdədir.
Azərbaycan xəritəsi
1936-cı ildə İstanbulda çap olunan xəritədə Azərbaycan ərazisi 94 min kv.km verilib. Üç milyon 500 min nəfər göstərilən əhalinin 83,4 faizinin türklər olduğu yazılıb.
İllik petrol ixracının 17 milyon ton, dəmiryollarının uzunluğu 1250 km, şose yollarının uzunluğu isə 1600 km göstərilib.
Xəritədə Zəngəzur Azərbaycan sərhədləri daxilindədir, Ermənistanla sərhəd Göyçə gölünün ortasından keçməkdədir. Açıqcanın arxasındakı 28 may 1936 tarixi bu nəşrin Cümhuriyyətin ildönümü münasibətilə çap olunduğunu göstərir. Eləcə də açıqcanın ön hissəsində “Kafkasya Azerbaycan Cumhuriyeti Haritası”, arxa üzündə isə Rəsulzadənin məşhur “İnsanlara hürriyet, milletlere istiklal” kəlməsi qeyd olunub.
Tarixçi, şair Abbasqulu ağa Qüdsinin təsviri olan açıqcanın izahını mühacirlər bu şəkildə veriblər:
“XIX uncu asır Azeri şair ve tarihçilerinden Abbaskulu Ağa Kutsi [1794-1846]”.
Əhməd Cəfəroğlu kimi azərbaycanlı mühacir alimlər məqalələrində Abbasqulu ağanın əsərlərindən istifadə ediblər. Bu baxımdan Qüdsi mühacirlər üçün önəmli şəxsiyyətlərdən hesab olunub. Təsadüfi deyil ki, Mirzəbala Məhəmmədzadə 1944-cü ildə “İslam-Türk Ansiklopedisi”nə V. Nuhoğlu imzası ilə Qüdsi haqqında oçerk yazıb. Həmin yazısında o, Abbasqulu ağa Bakıxanovu bu şəkildə təsvir edib:
“Şeirlərində Qüdsi təxəllüsünü istifadə edən Abbasqulu ağa Azərbaycan türklərinin XIX əsrdə yetişən şair, mühərrir və tarixçilərindəndir. Bakı xanları nəslinə mənsub II Mirzə Məhəmməd xanın oğlu olduğu üçün eyni zamanda Bakıxan ləqəbi ilə də tanınır...
1820-ci ildə Qafqazdakı rus ordusunun baş komandanı general Yermolov tərəfindən Tiflisə cəlb edilərək rus xidmətinə qəbul edilib. Abbasqulu ağa burada rus dilini və bu dil vasitəsi ilə Avropa mədəniyyətini öyrənib. 1833-cü ildə səyahətə çıxaraq bir çox elm və fikir adamları ilə yaxından tanış olub.
Bu səyahətdən sonra özünü tamamilə elmə həsr edib, bu məqsədlə məmurluqdan çəkilərək Qubaya yerləşib. Abbasqulu ağa əsərlərinin bir çoxunu burada yazmışdır. Onunla Qubada görüşən alman səyyahlarından F. Bodenştedt Abbasqulu ağadan “Türk ədəbiyyatının qiymətli bir təmsilçisi və dəyərli bir tarixçisi” deyə sitayişlə bəhs etməkdədir.
Qafqaza etdiyi səyahət əsnasında Qubada Abbasqulu ağaya iki gün müsafir olan Berezin də onun qiymətli bir alim və tarixçi olduğunu qeyd etməkdədir. Eyni zamanda dövrünün tanınmış şairlərindən olan Abbasqulu ağa Qubadakı evini alim və şairlərin “Ürəfa məclisi” halına gətirmişdi... Vəfatı ixtilaflıdır, 1844 ilə 1847-ci illər arasındadır və Məkkə ilə Mədinə arasındakı vadeyi-Fatimədə vəfat etmiş və orada dəfn edilmişdir”.
Oçerkinin davamında Məhəmmədzadə görkəmli tarixçinin türkcə, ərəbcə və farsca yazdığı əsərlər barədə Türkiyə oxucusuna məlumat verib, əsərləri arasında ən məşhurunun “Gülüstani-İrəm” olduğunu bildirib.
Mirzəbala bəyə görə, Abbasqulu ağa Azərbaycan türkləri arasında İslam mədəniyyətinə bağlı qalmaqla yanaşı Qərbi Avropa mədəniyyətinin üsul və metodunu qəbul üçün başlayan cədidçilik hərəkatının yaradıcılarından biri olub.
Məhəmmədəmin Rəsulzadə 1928-ci ildə qələmə aldığı “Qafqaz türkləri” əsərində Abbasqulu ağa və Mirzə Kazımbəyin əsərləri haqqında bu məlumatları verib: “Şərqi Qafqaz tarixinə aid yazdığı “Gülüstani-irəm” nam əsərlərindən başqa fəlsəfə, coğrafiya və digər mövzulara aid mütəəddid əsərləri ilə məruf bakılı Abbasqulu ağa ilə Avropa müstəşriqlərincə məruf olub türk şivələrinin müqayisəli sərfini vücuda gətirən Kazan Darülfünunu professorlarından dərbəndli Mirzə Kazım bəyi bu dövrdə yetişən alimlərdən ədd edə biliriz”.
Şübhəsiz ki, ictimai-siyasi həyata həm də mühərrirliklə başlayan M. Rəsulzadə açıqcalardakı təsviri seçərkən Həsən bəy Zərdabini ön sıraya qoyacaqdı. Açıqcadakı təsvirin altında yazılıb: “Azerbaycan’ın matbuat ve tiyatro müessisi Hasan bey Zerdabi [1837-1907]”.
Vaxtilə onun məzarı üzərində çıxış edən Rəsulzadə mətbuatımızın qurucusunu bu şəkildə vəsf edib: “Cəmaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? – maarif, maarif, maarif! Ancaq elm və bilik ilə cəmaət özünün nə olduğunu və nə edə biləcəyini qana bilər. İştə bu yolda da təşyiinə yığışdığımız bu mərhum işləyib ömrünü keçirmişdir”.
M. Rəsulzadə İstanbulda nəşr etdiyi “Yeni Kafkasya” dərgisinin 1926-cı ildə çıxan 9-cu sayında “Zərdablı Məlikzadə Həsən bəy” adlı məqalə dərc etdirib, yazısının ilk cümləsinə bu şəkildə başlayıb:
“Azərbaycan mətbuatının, yalnız Azərbaycan deyil, çarlıq əsarəti altında qalan bütün türk dünyasının ilk qəzetəçisi Həsən bəy, türklüyə xidməti toxunmuş pək dəyərli zatlardan birisidir”.
Məhəmmədəmin bəy ilk mətbu orqanımız olan “Əkinçi” haqqında isə maraqlı bir müqayisəli fikir yazıb:
“Bu qəzetə millət arasında elm və irfan toxumlarını saçmaq etibarı ilə məcazən bir əkinçi olduğu gibi, naşirinin ixtisasından bilistifadə haiz olduğu mündəricat etibarıyla həqiqətən də əkinçi idi”.
Rəsulzadə Həsən bəyin ictimai-siyasi fəaliyyətinə də toxunub: “Həsən bəyin Azərbaycan xalqına etdiyi hizmət yalnız qəzetəçilik ilə tamam deyildir. O, Bakı türklərinin milli işlərində daima fəal bir rolda bulunmuş, ömrünün son dəmlərinə qədər Bakı bələdiyyəsində əza olmuşdur... Topçubaşıoğlu Əlimərdan və Ağaoğlu Əhməd bəylər gibi camaat adamları yetişincəyə qədər, Həsən bəy Azərbaycan türklüyünü təmsil edən yeganə mücahid olmuşdur”.
1942-ci ildə “Türk yurdu” jurnalında Mirzəbala Məhəmmədzadənin iki hissəli “Azərbaycanlı ilk türk qəzetəçisi Həsən bəy Zərdablı” adlı məqaləsi işıq üzü görüb. Həsən bəyin vəfatının 35-ci ildönümünə həsr edilən məqalədə müəllif yazıb:
“Fəqət Həsən bəy Zərdabi saçdığı toxumlarının əsl feyzini Rusiyada baş verən 1905-ci il ixtilalından sonra görə bildi. Yaponiya qarşısındakı məğlubiyyət üzərinə baş verən ixtilal hərəkatını önləmək üçün Rusiya çarlığının elan etdiyi məşrutiyyət və bu məşrutiyyətin təmin etdiyi nisbi hürriyyətdən bilistifadə dutsaq türklər də hərəkətə gəlmiş, türklərə məskun mərkəzlərdə milli məktəblər, milli tiyatrolar, milli kültür cəmiyyətləri, hətta milli siyasi qayələr təqib edən siyasi təşəkküllər meydana gəlmişdi. Bu, Həsən bəy üçün böyük zəfər dövrü idi. 1907-ci ilin sentyabrında öldüyü zaman Bakıda “Həyat”, “İrşad”, “Təzə həyat” kimi gündəlik qəzetlər, “Füyüzat”, “Dəbistan” və “Rəhbər” kimi həftəlik ədəbi və “Bəhlul” kimi mizahi məcmuələr, Tiflisdə isə məruf “Molla Nəsrəddin” məcmuəsi çıxırdı. Bunlardan “Həyat” qəzetində Həsən bəy bizzat iştirak etdi və xatirələrini orada yazdı”.
Silsilədən çıxan digər açıqcanın üzərində yazılıb:
“Azerbaycan’ın pedagok ve edebiyatçılarından Feridun bey Köçerli [1863-1920]”.
Firidun bəyi mühacirlər istila qurbanlarından biri olaraq yazıblar. “Odlu yurd” jurnalının 1929-cu ilin aprel ayında çıxan 3-cü sayında istila qurbanlarından Firidun bəy haqqında bu cümlələrə yer verilib:
“Azərbaycan müəllimlərinin atası, Azərbaycan ədəbiyyat tarixinin ilk tədqiqatçısı ağsaqqal Firidun bəy Gəncə üsyanı üzərinə Qazaxda idarə etdiyi ali müəllim məktəbi müdirliyində ikən vəzifəsi başından alınaraq Gəncəyə aparılmış və orada edam edilmişdir”.
“Yeni Kafkasya” jurnalının 1 dekabr 1925-ci ildə çıxan 5-ci sayında “Mərhum Firidun bəyin əsəri” adlı xəbər dərc olunub.
Xəbərdə Firidun bəyin Bakıda “Azərnəşr”də çıxan iki cildlik kitabından bəhs edilib. Jurnal Köçərlinin vəfatının üzərindən sükutla keçilməsinin səbəbini dəqiq şəkildə izah edib:
“Qatil “Azərnəşr”in tabe olduğu hökumətin özüdür”.
Silsilədən növbəti görkəmli şəxsin təsvirinin altında isə yazılıb:
“XIX uncu asır Azerbaycan filologlarından profesör Mirza Kazım Bey [1802-1870]”.
Təsvirdə Mirzə Kazım bəyin orijinal fotoşəklindəki xaç simgəli medal çıxarılıb. Əslində bu silsilədən Mirzə Kazım bəylə müqayisədə Mirzə Fətəli Axundzadənin olması daha məqbul olardı. Çünki başda M. Rəsulzadə olmaqla mühacirlərin Axundzadəyə verdikləri böyük qiymət bunu gərəkli edirdi. Həmçinin Mirzəbala Məhəmmədzadə onun haqqında bir neçə məqalə qələmə alıb.
Görünür, Kazımbəyin dilşünaslıq sahəsində gördüyü bənzərsiz işlər və dünya səviyyəli alim olması onun seçilməsinə səbəb olub...
Müəllif: Dilqəm Əhməd