Tarix: 25.10.2024 / 17:37
Müslüm Maqomayev    Moskvada anıldı

Müslüm Maqomayev Moskvada anıldı

Azərbaycan səfirliyinin yaxınlığında ucalan Müslüm Maqomayevin abidəsinin önündə böyük sənətkarın xatirəsi anılıb.

Diaspora.TV xəbər verir ki, oktyabrın 25-i estrada və opera müğənnisi, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anım günüdür. Bu gün onun sənətinin pərəstişkarları və həmkarları abidənin önünə toplaşıblar. Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi və “Crocus Group” şirkətlər qrupunun prezidenti Araz Ağalarovun adından dahi müğənninin abidəsi önünə əklillər qoyulub.

Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya mərasimdə çıxış edərək görkəmli sənətkarın xatirəsinə göstərilən diqqətə görə hər kəsə minnətdarlığını bildirib:

“Bilirsiniz ki, Müslümün doğum günündə mən onun vətəninə gedirəm. Onun vətəni təkcə Azərbaycan deyil, həm də özünün də dediyi kimi, Rusiyadır”.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayev isə çıxışında qeyd edib ki, Müslüm Maqomayevin səsi və mahnıları bu gün də onun dünyadakı bütün pərəstişkarlarının qəlbini riqqətə gətirir.

“Müslüm Maqomayevin sənəti Azərbaycanı və Rusiyanı birləşdirəcək. Müslüm Maqomayev bütöv bir epoxadır və biz həmyerlimizlə fəxr edirik”, – deyə diplomat bildirib.

“Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov qeyd edib ki, Müslüm Maqomayev bütün dövrlərin ən böyük, ən istedadlı artistlərindən biri olub:

“Müslüm Maqomayevin vəfatından 16 il keçir, lakin mənim şəxsən tanıdığım bu böyük insanın siması getdikcə aydınlaşır. Müxtəlif şəhərlərə qastrol səfərinə gedirəm və onun “Mavi əbədiyyət” mahnısı səslənəndə, ekranda yaraşıqlı, güclü Müslüm Maqomayev görünür və tamaşaçılar onu ayaq üstə qarşılayırlar”./AZƏRTAC




Şərhlər

Yaz...