Tarix: 18.05.2024 / 18:23
Monteneqroda “Heydər Əliyev kuboku” uğrunda  şahmat turniri keçirilib

Monteneqroda “Heydər Əliyev kuboku” uğrunda şahmat turniri keçirilib

Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşkilatçılığı və “Azmont Investments” şirkətinin dəstəyi ilə Herseq Novi şəhərində “Heydər Əliyev kuboku” uğrunda beşinci ənənəvi şahmat turniri keçirilib.

Diaspora.TV xəbər verir ki, Monteneqro Şahmat Federasiyası və “Prosvjeta” (“Təhsil”) şahmat klubu da turnirin həmtəşkilatçıları olub.

Turnirin açılış mərasimində çıxış edən Şərqi Avropa Azərbaycanlıların Koordinasiya Şurasının Monteneqro üzrə koordinatoru, “Portonovi Resort”un əməliyyatlar üzrə direktoru, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun İdarə Heyətinin üzvü Seyran Mirzəzadə Ümumilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsindəki xidmətləri barədə iştirakçılara məlumat verib. Qeyd edib ki, turnir görkəmli dövlət xadiminin əziz xatirəsinə ehtiram əlaməti olaraq keçirilir.

Herseq Novi bələdiyyəsi sədrinin müavini Mirko Mustur Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş turnirin məhz Herseq Novida keçirilməsindən şərəf duyduqlarını deyib.

Turnirə Monteneqro, Serbiya, Bosniya və Herseqovina, Rusiya və Ukraynadan qrossmeysterlər, beynəlxalq ustalar və FIDE ustaları qatılıb. “Heydər Əliyev Kuboku” üzrə birinci yeri qrossmeyster Nikola Dukiç qazanıb.

İştirakçılar davamlı dəstəyə görə “Azmont Investments” şirkətinə, Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinə, Herseq Novi bələdiyyəsinə, “Prosvjeta” şahmat klubuna və Monteneqro Şahmat Federasiyasına təşəkkürlərini bildiriblər.


Şərhlər

Yaz...