Tarix: 16.05.2024 / 12:07
Minlərlə üzvümüz Azərbaycan uğrunda əllərindən gələni etdilər  – Emil Əliyev

Minlərlə üzvümüz Azərbaycan uğrunda əllərindən gələni etdilər – Emil Əliyev

“Mən 15 ildir Niderland Krallığında yaşayıram və uzun illərdir diaspor fəaliyyəti ilə məşğul oluram. Ötən müddət ərzində bir çox aksiya və tədbirlərin ya təşkilatçısı, ya da iştirakçısı olmuşam. Bizim əsas fəaliyyətimiz erməni diasporuna və Ermənistan dövlətinin Azərbaycana qarşı apardığı antitəbliğata cavab olub”.

Diaspora.TV xəbər verir ki, bu sözləri İtaliyanın Roma şəhərində keçirilən Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) IV Forumunda çıxışı zamanı Niderlandda yaşayan azərbaycanlı diaspor fəalı, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev deyib.

E.Əliyev bildirib ki, çox uğurlu işlərindən biri Niderlandın dünyaca məşhur Booking.com şirkətinə qarşı olub, çünki onlar bir zamanlar işğal altında olan Azərbaycan ərazilərində yerləşən otel və evlərin kirayəsini reklam ediblər:

“Bir neçə etiraz müraciətindən sonra şirkət nümayəndələri buna əməl etmədilər və biz öz platformamız vasitəsilə dünyanın bir çox ölkələrindən fərqli dillərdə minlərlə məktub yazaraq onlardan tələb etdik ki, işğal olunan Azərbaycan ərazilərində bu cür fəaliyyət qanunsuzdur. Onlar da dərhal işğal altında olan Azərbaycan ərazilərində otel və mənzillərin reklamı ilə bağlı elanlarını dayandırdılar”.

E.Əliyev bildirib ki, 2-ci Qarabağ müharibəsindən əvvəl Ermənistan dövləti işğal etdiyi Qarabağı öz torpağı kimi göstərərək Niderlandda keçirilən beynəlxalq turizm və digər sərgilərdə aktiv iştirak edib:

“Rəhbərlik etdiyim Avropa Azərbaycanlıları Media Qrupu və Niderlandda yaşayan bir neçə həmyerlimizlə birgə erməniləri Utrext şəhərində keçirilən turizm sərgisindən uzaqlaşdırmağa nail olduq. Təbii ki, bu heç də asan olmadı, amma biz bütün gücümüzdən istifadə edərək bunu edə bildik. Sərginin 2-ci günündə ermənilər məkanı tərk etdilər. Sonrakı ildə onlar yenə təxribata əl atdılar, biz də bu barədə təşkilatçılara təkrar müraciət etdik. Sonda təşkilatçılar ermənilərin stendlərindən Qarabağa aid bütün məlumatları, xəritələri çıxartdılar. Bu hadisədən sonra növbəti il Ermənistan nümayəndə heyəti ümumiyyətlə sərgidə iştirak etmədi”.

E.Əliyev Ermənistanın Niderlanddakı səfirliyi qarşısında bir neçə aksiyanın təşkilatçısı olduğunu da vurğulayıb:

“44 günlük müharibə vaxtı Amsterdamın DAM və MUSEUM PLEIN meydanlarında böyük aksiyanı təşkil etmişik. Müharibə vaxtında Azərbaycana qarşı başladılan informasiya hücumlarının qarşısını bizim platformaların köməyi ilə uğurla ala bildik. Minlərlə üzvümüz 2-ci Qarabağ müharibəsində yaşadıqları yerlərdən aslı olmayaraq Azərbaycanımız uğrunda əllərindən gələni etdilər. Post-müharibə dövründə Niderlandın bir neçə şəhərində yerləşdirilən elan və bilbordlar vasitəsilə yüz minlərlə hollanda bildirdik ki, Azərbaycanın azad etdiyi bölgələr hələ də minalarla doludur və insanlar üçün çox böyük təhlükə daşıyır”.

E.Əliyev çıxışının sonunda DABF-ın Roma Forumuna toplaşan bütün iştirakçılara diaspor fəaliyyətlərində uğurlar arzu edib.

Şərhlər

Yaz...