ABŞ-nin Meyn ştatının Portland şəhərində keçirilən Millətlər Festivalında ("Festival of Nations") Azərbaycan təmsil olunub.
Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadən xəbər verir ki,hər il təşkil olunan ənənəvi festivalda ölkəmizi Meyn Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun başçılığı ilə Azərbaycan icmasının üzvləri təmsil ediblər.
Festivala dünyanın bir çox ölkəsinin və xalqlarının nümayəndələri qatılıblar. Onlar milli adət-ənənələrini, mətbəxlərini, geyimlərini nümayiş etdirib, musiqilərini səsləndiriblər.
Bayraqlarımız və milli atributlarımızla bəzədilən Azərbaycan guşəsində qonaqlara ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti barədə ətraflı məlumat verilib, mətbəximizindən nümunələr (plov, kabab, şəkərbura, paxlava və s.) təqdim olunub. Azərbaycanlı uşaqların nümayiş etdirdiyi milli rəqslərimizi, musiqiçi İnam Zeynallının gitarada ifasını ziyarətçilər maraqla qarşılayıblar.