Mərakeşin paytaxtında Rabat Amerika Məktəbində 20 ölkənin iştirakı ilə Mədəniyyət Günü keçirilib. Dünya xalqlarının mədəniyyətlərinin müxtəlifliyini nümayiş etdirmək məqsədilə keçirilən ənənəvi tədbirdə Azərbaycanın Mərakeşdəki səfirliyi də iştirak edib.
Diaspora.TV səfirliyə istinadla xəbər verir ki, tədbir iştirakçılarına və qonaqlara Azərbaycanın zəngin mədəniyyəti və adət-ənənələri təqdim olunub.
Milli stendə gələnlər Azərbaycan xalçaçılığı, milli geyimləri, dulusçuluğu və musiqisi ilə tanış olublar. Azərbaycanın milli mətbəxinin müxtəlifliyi qonaqların xüsusi marağına səbəb olub. Onlara ət və göy qutabı və milli şirniyyatımız paxlavanı dadmaq, həmçinin qoz və ağ gilas mürəbbəsi ilə Azərbaycan çayından içmək imkanı yaradılıb.
Qeyd edək ki, festivala 300-dən artıq ziyarətçi qatılıb.