"Diasporla Gündəm"in növbəti qonağı Qarabağ həqiqətlərini dünyaya çatdıran, “Nathional Gegraphic”, “GEO” və digər dünyaca məşhur jurnalların Azərbaycan əsilli fotoqrafı Rza Deqati olub.
R.Deqati söhbət zamanı memarlıqdan peşəkar foto sənətinə uzanan sənət yolu və fəaliyyətindən söz açıb:
"13 yaşımda fotoqraflığa başlamazdan əvvəl içimdə elə bir incəsənət yolu axtarırdım ki, bununla ürəyimin sözünü deyə bilim. Mənim üçün əsas olan bu idi. Uşaqlıqdan bu günə qədər ürəyimi titrədən, emosional yanaşdığım iki mövzu var idi: ictimai ədalətsizlik və gözəllik. İncəlik, zəriflik, gül-çiçək, bulud kimi gözəllikləri görəndə mənə emosiya gəlirdi təbii olaraq. Eyni hissləri küçələrdə ayaqyalın uşaqları, dilənçiləri, kasıb adamları görəndə də yaşayırdım. Düşünürdüm bu hisslərimi, sözümü rəsmlə çatdıra bilərəm. Sonra fotoqraflığa gəldim. O zamanlar fotoqraflıq bir sənət və peşə kimi tanınmır, qəbul edilmirdi. Ona görə mən universitetdə “memarlıq” ixtisasına qəbul oldum. Bitirdikdən sonra bu sahədə çalışdım, evlər tikirdim. Lakin “memarlıq” oxuyanda bütün fikrim fotoda idi".
İran inqilabı zamanı ABŞ səfirliyinin mühasirəyə alınması hadisəsi haqda dünya mediasını görüntülərlə təmin edən yeganə jurnalist olan Deqati hadisənin tarixçəsini izləyicilərlə bölüşüb:
"Həmin gün Tehran Universitetində jurnalistlər üçün konfrans təşkil edib, hər kəsi ora topladılar. Ondan 2-3 gün əvvəl İranda radioda Xomeyni ABŞ-yə qarşı sərt sözlərlə çıxış edirdi. Bundan şübhələndim. Jurnalist hər sözə şübhə ilə baxır axı. Bu fikirlərin hər biri beynimdə cəmləndikdən sonra düşündüm ki, bir ayətullah konfrans keçirəcək və mən də orada olmalıyam. Maşınımı götürdüm, evdən universitetə 10 dəqiqəlik yoldur. Amma yenə də ürəyim dayanmır ki, gedim ABŞ-nin səfirliyinə baş çəkim, görüm orada vəziyyət nə yerdədir? Elə ora çatan kimi gördüm ki, səs-küy, insanlar toplaşıb, bəziləri divardan bir-bir atlayıb içəri keçirlər, vəziyyət qarışıqdır. Dərhal fotoaparatımı çıxarıb hazırladım. Baxıram ki, səfirliyin qapısı da dəmirdəndir və hasarlardan içərini görmək olur. O zaman inqilab vaxtı belə hadisələr çox olurdu. Bir də görürdün divardan aşıb Şahın evinə, nazirliklərə keçirdilər. Biz jurnalistlər də eynilə divardan keçib gedirdik ki, şəkil çəkə bilək. Səfirlikdə 2-3 şəkil çəkəndən sonra divardan aşıb qışqıraraq düşdüm aşağı ki, görəsən nə olacaq. Həmin insanların üstündə Xomeyninin şəkili olan A4 kağızı kimi imzalı posterlər var idi. Mən də düşəndə soruşdular ki, bəs, sənin vəsiqən hanı? Dedim, məndə yoxdur, 4-5 nəfər məni tutub oradan çıxarmaq istədilər”.
Fotoqraf Birinci və İkinci Qarabağ müharibəsində cəbhə bölgəsinə daxil olması, Azərbaycan oxucuları üçün maraqla qarşılanan “Şuşada sonuncu çay qonaqlığı” fotosu ilə bağlı xatirlərini bölüşüb.
Qedir memmedli
Ela. Bele iwini bilen gozel daniwan aparicilara ehtiyacimiz var. Veriliw de maraqli. Rza bey dostumuzdu
31.07.2024 / 17:59