Tarix: 22.07.2024 / 12:33
 Məktəblərin sayını artırmadan əvvəl necə çalışmaları təşkil olunmalıdır   - Professor

Məktəblərin sayını artırmadan əvvəl necə çalışmaları təşkil olunmalıdır - Professor

“Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız öz dillərini unutmamaları və övladlarının yaşadıqları ölkəyə inteqrasiya olub assimiliyasiya olmamaları üçün öz imkanları və Diasporla İş üzrə Dövlət Komitəsinin köməyi ilə həftəsonu məktəbləri fəaliyyət göstərir. Buna misal olaraq Danimarka, İngiltərə və bəzi Qərbi Avropa ölkələrini göstərə bilərik”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Azərbaycanın Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Türkiyədə fəaliyyət göstərən Azərbaycan Bilim İnsanları Dərnəyinin sədri və Bilkənd Universitetinin professoru Əmirulla Məmmədov deyib.

Ə.Məmmədov əlavə edib ki, bu məktəblərin sayını artırmadan əvvəl onların necə bir proqram üzrə çalışmaları təşkil olunmalıdır:

“Eyni zamanda, bu məktəblərdə Azərbaycan dilindən başqa hansı dərslər tədris olunmalı, vəsaitlərin hazırlanması məsələsi həll olunmalıdır. O, məsələlərin həllində isə çox yol qət edilmədiyini bilirik”.

“Elm və Təhsil Nazirliyinə bağlı Dillər Universiteti, Dilçilik fakültələri Ana dili, ingilis, fransız, ispan və digər dillərdə danışan uşaqlara Azərbaycan dilinin necə tədris olunması ilə bağlı vəsaitlər hazırlamalı, bu vəsaitləri ya səfirliklər, ya da Azərbaycan Mədəniyyət Evləri vasitəsilə müxtəlif ölkələrə göndərməlidir. Eyni zamanda bu vəsaitlərin asan əldə edilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsinin internet resursuna yerləşdirilməlidir”, - deyə professor bildirib.

Professor əlavə edib ki, Azərbaycan tarixi, görkəmli Azərbaycan şair və yazıçıları barədə broşuralar, kitablar Azərbaycan dilində nəşr olunaraq xaricdəki Azərbaycan cəmiyyətlərinə çatdırılmalıdır:

“Ən vacib məsələlərdən biri də, orada könüllü olaraq dərs verəcək və ya vermək istəyən soydaşlarımızın ildə bir dəfə Azərbaycanın təhsil müəssisələrində 2-3 həftəlik seminarda iştirak etmələri, onlara pedaqoji fəaliyyət çərçivəsində bu dərslərin necə və hansı üsullarla tədris edə biləcəkləri öyrədilməlidir. Təbii ki, bütün bunların hamısını Elm və Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi ilə birlikdə Dövlət Proqramı çərçivəsində etməliyik. Eyni zamanda, bu işi kampaniya kimi deyil, mütəmadi aparmaq istəyirik”.

Ə.Məmmədov xaricdə fəaliyyət göstərən Azərbaycan əsilli alimlərin əsərlərinin milli universitetlərimizdə tədrisinə də müsbət baxdığını söyləyib:

“Amma unutmamalıyıq ki, xaricdə yaşayan alimlərimizin əksəriyyəti öz monoqrafiyalarını, əsərlərini ingilis dilində nəşr edirlər. O zaman belə bir sual ortaya çıxır. Bu kitabları Azərbaycan dilinə tərcümə edərək tədrisə qazandıraq, yoxsa ingiliscə istifadə edək?”.

Ə.Məmmədov vurğulayıb ki, ingilis dilini bilməyən və ya zəif bilən tələbələrin bu kitablardan uğurlu istifadəsi müşkül məsələdir:

“Düşünürəm ki, bu problemi həll etmək üçün indiki mərhələdə ancaq magistratura və aspirantura səviyyəsində belə bir tətbiqə keçmək olar. Bu sistem öz müsbət nəticəsini verdikdən sonra isə bakalavr səviyyəsində də tətbiq etmək mümkündür. İlk növbədə bu tətbiqləri yüksək texnologiya və müdafiə sahəsində mühəndislik oxuyan, tədqiqatlar aparan ixtisaslarda başlamalı, sonra digər ixtisaslara da tətbiq edilməlidir. İnsan dərsləri ən yaxşı və doğru olaraq Ana dilində anlayır və mənimsəyir. Ona görə ya tələbə xarici dili Ana dili kimi mənimsəmiş olacaq, ya da müəllim o dərsi tələbələrin Ana dilində tədris edəcək. Başqa və fərqli tətbiqlər istədiyimiz nəticəni verməz”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...