Tarix: 29.06.2024 / 09:11

Media dəstəyinə ehtiyac var - Mustafa Əlincə çağırış etdi

“Diasporla müsahibə” verilişinin növbəti qonağı Fransada Azǝrbaycanla Mǝdǝni Əlaqǝlǝr Dǝrnǝyinin (APEC Azerbaïdjan) rəhbəri Mustafa Əlincə olub.

M.Əlincə müsahibədə sədri olduğu Azǝrbaycanla Mǝdǝni Əlaqǝlǝr Dǝrnǝyinin yaranma tarixindən və fəaliyyət istiqamətlərindən, Azərbaycan-Fransa arasındakı sosial-mədəni, ictimai – siyasi, humanitar əlaqələrdən bəhs edib.

Onun sözlərinə görə, Azǝrbaycanla Mǝdǝni Əlaqǝlǝr Dǝrnǝyi 30 ildən artıqdır fəaliyyət göstərir:

“Qanlı Yanvar hadisələrindən sonra belə bir cəmiyyət yaratmaq fikrinə düşdük. Bu illər ərzində də Azərbaycanın əlamətdar günlərini, vətənimizin haqq səsini Fransa cəmiyyətinə çatdırmaq üçün çalışdıq. Sərgilər təşkil edirik və eləcə də ayda bir dəfə radio proqramında çıxışlarımız olur. Ümumiyyətlə, Fransadakı dərnəklərin fəaliyyətində ölkəmizdən media dəstəyinə ehtiyac var”.

M.Əlincə bildirib ki, bizdən fərqli olaraq ermənilər artıq uzun illərdir Fransa cəmiyyətinə inteqrasiya etməyi bacarıblar:

“Ona görə də bizim Fransada yaşayan ermənilərlə diaspor fəaliyyətində müqayisə edilməyimizə ehtiyac yoxdur. Çünki ermənilər fransalıları öz dırnağarası həqiqətlərinə inandırıblar. Buna baxmayaraq biz də çalışırıq ki, öz fəaliyyətimizlə və keçirdiyimiz tədbirlərlə hər kəsi həqiqətlərdən xəbərdar edək, məlumatlandıraq”.

Cəmiyyət rəhbəri əlavə edib ki, iki ölkə arasında olan münasibətlər Fransada yaşayan azərbaycanlıları narahat edir:

“Hər bir soydaşımızın narahat olduğu əsas problemlərdən ən başlıcası siyasi münasibətlərimizdir. Siyasi aspektdən əlavə fransız xalqının cəmiyyət olaraq, azərbaycanlılara qarşı münasibətləri ürəkaçandır. Bu da bizi sevindirir”.

M.Əlincə qeyd edib ki, indi artıq Azərbaycanın Qarabağ kimi bir dərdi qalmayıb:

“İndi əsas istəyimiz və məqsədimiz Cənubda yaşayan soydaşlarımıza dəstək olmaq, onların haqq səsinin, azadlıq istəyini Avropaya çatdırmaqdır”.

Şərhlər

Yaz...